Yüksək qiymət artımı daha bir neçə ay davam edəcək - İyundan etibarən isə...

Yüksək qiymət artımı daha bir neçə ay davam edəcək - İyundan etibarən isə...
Son bir ildə xarici bazarlarda və Azərbaycanda qiymət artımlarına təsir edən əsas amil maya dəyərinin kəskin şəkildə bahalaşmasıdır. Maya dəyərində qeydə alınan inflyasiya istehlak məhsullarında qeydə alınan inflyasiya səviyyəsini xeyli qabaqlayır. Aradakı fərqin böyük olmasını nəzərə alan ekspertlər hesab edir ki, istehlak məhsullarının qiymətində yüksəlmə qarşıdakı aylarda da davam edəcək.

Sfera.az bildirir ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ortaillik inflyasiya 6,2 faiz olduğu halda sənaye məhsullarının maya dəyərində qeydə alınan inflyasiya 65,6 faiz, kənd təsərrüfatı mallarının maya dəyərində 4,2 faiz, nəqliyyatda 6,7 faiz təşkil edib.

Bu məlumatlar göstərir ki, cari ildə qiymət artımlarının əsas səbəbi sənaye məhsullarının maya dəyərindəki yüksək bahalaşmadır. Əgər sənayedə istehsal edilən məhsulların dəyəri bu qədər yüksək sürətlə bahalaşmasaydı, istehlak qiymətlərində böyük artım baş verməyəcəkdi.

Sənaye məhsullarının maya dəyərinin kəskin bahalaşması əsasən mədənçıxarma sənayesi ilə bağlı olsa da, emal sektorunda da istehsal edilən məhsulların maya dəyərində ciddi artım var. Emal sənayesi məhsullarının maya dəyəri bu il orta hesabla 16,2 faiz yüksəlib.

Sahələr üzrə maya dəyərində daha böyük bahalaşma kimya sənayesində (44,1 faiz), neft məhsullarında (27 faiz), metallurgiya (17,8 faiz), ağac məmulatların istehsalı (13,3 faiz) və qida məhsullarında (11,3 faiz) qeydə alınıb.

Kənd təsərrüfatı məhsullarının maya dəyəri ortaillik müqayisədə ümumən 4,2 faiz yüksəldiyi halda, bu göstərici bitkiçilik məhsullarında 6,3 faiz, heyvandarlıq məhsullarında 2,2 faiz artıb.

Məlumatların təhlili göstərir ki, maya dəyərində ortaillik qiymət artımı son aylarda xeyli güclənib. Bunun əsas səbəbi son aylarda bahalaşma sürətinin əvvəlki aylara nisbətən bir neçə dəfə artmasıdır. Belə ki, fevralda əvvəlki ilin eyni ayına nisbətən sənaye məhsullarının maya dəyəri 13,5 faiz artmışdısa, noyabrda 135 faiz (2,35 dəfə) artıb. Emal sənayesində artım fevralda 1,4 faizdən noyabrda 30 faizə, kənd təsərrüfatı məhsullarının maya dəyərində fevralda bahalaşma 0,8 faiz olduğu halda, noyabrda 14,4 faizə çatıb.

Son aylarda sənaye və kənd təsərrüfatı mallarının maya dəyərinin yüksəlməsi ondan xəbər verir ki, növbəti aylarda istehlak məhsullarının qiyməti də xeyli artacaq. Maya dəyərinin kəskin bahalaşması səbəbindən bazarlarda yüksək qiymət artımlarının mart ayının sonuna qədər davam edəcəyi, daha sonra iyuna qədər qiymətlərin sabitləşəcəyi və yalnız ilin ikinci yarısından bahalaşma sürətinin zəifləyəcəyini təxmin etmək olar.

 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR