Biznes mərkəzlərində icarə haqqı niyə bahalaşır? – Ekspertdən açıqlama

Biznes mərkəzlərində icarə haqqı niyə bahalaşır? – Ekspertdən açıqlama
"Biznes mərkəzlərində əvvəllər yerin 1 kvadrat metri yerləşdiyi ərazidən və şəraitindən asılı olaraq 5 manatdan başlayır, təxminən 10-15 manat aralığında dəyişirdi. Hazırda icarəyə verilən obyektlərin qiymətlərində isə artım müşahidə olunur”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Müsahibimiz artımın səbəbini bu cür izah edib:

"Həmin yerlər işıq, istilik və digər kommunikasiya ödənişlərindən azad idilər, sadəcə kirayə pulu ödənilirdi. Həmin ödənişlər isə mərkəzin sahibi tərəfindən təmin olunurdu. Artıq kommunal xərclərdə də ciddi artımlar qeydə alınır. Tutaq ki, bir mənzil üzərindən əgər ödənişdə 20 faiz artım olsa, ümumi bina üzrə ödənişlər böyük məbləğ edir. Mərkəz sahibləri də məcburən zərərə getməmək, qazanc əldə etmək üçün kirayə pullarını icarədarlara yönəldirlər, qiymətləri artırırlar. Digər səbəblərdən biri isə tikinti materiallarının maya dəyərinin artmasıdır. Əvvəllər tikib başa gətirmək indikindən daha ucuz idi. Bu gün hansısa biznes mərkəzinin tikilməsi, onun vətəndaşın öhdəsinə verilməsi daha baha başa gəlir. Ümumiyyətlə isə böyük binaların xərcləri çoxalıb”.
 
"Növbəti aylarda da qiymət artımları davam edəcəkmi?” sualını cavablandırarkən ekspert qeyd edib ki, bu gün əmlak bazarında hələ ki canlanma müşahidə edilmir:

"Amma qiymətlərdə artım var və səbəblər müxtəlifdir -  Sənədləşmənin çətin olması, dediyim kimi tikinti materiallarının qiyməti və.s buna təsir edən faktorlardır. Evlərin kirayə qiymətlərində də enmələrin şahidi olmuruq. Qiymət artımının qarşısını almaq üçün – istər biznes mərkəzləri olsun, istərsə də evlər, sosial layihələrə ehtiyac var. Avropa ölkələrində bələdiyyələrin sosial binaları var, ərazidə yaşayan vətəndaşın gəliri azdırsa, kirayə pulunu ödəyə bilmirsə, bələdiyyəyə müraciət edir, aylıq 600 avro verdiyi mənzilin yerinə, sosial evlərə 50-100 avro verir ( kommunalı özü ödəyir, digərləri dövlət tərəfindən qarşılanır). Bu da qiymət artımının, insanların çətin vəziyyətdə qalmasının qarşısını alır. Bu baxımdan oxşar sistemin bizdə də tətbiqinə imkan yaradılmalıdır”.

E.Fərzəliyev həmçinin deyib ki, ofis icarəyə götürmək istəyənlər üçün mənzil kirayələmək daha ucuz başa gəlir, nəinki biznes mərkəzlərində hansısa yer.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR