Pensiya hüququ olmayan şəxslərin yaşa görə müavinəti nə qədər artdı? - SADƏ İZAH

12:04 / 20.12.2021
5156
Azərbaycan Prezidenti bu gün imzaladığı Fərmanla
2022-ci ilin yanvarın 1-dən yaşa görə müavinətlərin aylıq məbləğini 50 manat və
ya 38,5 faiz artırıraq 180 manata çatdırıb.
Sfera.az bildirir ki, yaşa görə müavinət
pensiya yaşına çatıb pensiya hüququnu əldə edə bilməyən şəxslərə verilir.
Son illərdə bu müavinəti alanların sayı sürətlə
artır. 2016-cı ildə 17,1 min nəfər müavinət alırdısa, 2018-ci ildə 53,4 min nəfər,
2020-ci ildə 100,3 min nəfər, 2021-ci ilin noyabrın 1-də isə 113 mindən çox
adam yaşa görə müavinət alıb. Ötən müddətdə bu müavinəti alanların sayı 6,72 dəfə
artıb.
İlin sonunda yaşa görə müavinət alanların
sayının 116 min nəfəti ötəcəyi proqnozlaşdırılır. Bu, bir ildə 15 faizdən çox
artım deməkdir.
Azərbaycanda 2021-ci ilin əvvəlinə olan məlumata
əsasən, 411,8 min nəfər aylıq müavinət alır. Onların 25 faizi yaşa görə müavinət
alanlardır. 2016-cı ildə isə 369 min nəfər aylıq müavinət alanın cəmi 4,6 faizi
yaşa görə müavinət alan idi. Artım dinamikası göstərir ki, yaxın gələcəkdə
aylıq müavinət alanlar arasında yaşa görə müavinət alanların payı bir qədər də
böyüyəcək.
Yaşa görə müavinət alanların sayının artması
yaşa görə pensiya çıxanların sayının azalması ilə paralel şəkildə baş verir.
2016-cı ildə 782 min nəfər yaşa görə pensiya alırdısa, bu say 2018-ci ildə 756
minə, 2020-ci ilin sonunda 716 minə, 2021-ci ilin oktyabrın sonunda 708 minə
düşüb.
Yaşa görə müavinət alanların sayının artması
onların müavinətinin daha çox artırılmasını tələb edirdi. Çünki bu məbləğ ölkəmizdə
pensiyaçılar üçün müəyyənləşdirilən yaşayış minimumunun məbləğindən azdır.
2021-ci il üçün müavinət 130 manat olduğu halda yaşayış minimumu 162 manatdır.
Amma gələn ildən müavinət 180 manat olacaq ki, bu da gələn il üçün müəyyənləşdirilən
yaşayış minimumu məbləğindən, yəni 176 manatdan çoxdur.