Ermənistan Türkiyə və Azərbaycandan asılı vəziyyətə düşəcək

14:10 / 18.12.2021
1178
"Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Ankara-İstanbul-İrəvan-İstanbul reyslərinin açılması ilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxıldığını qeyd edib. Bu, iki ölkə arasında iqtisadi və diplomatik əlaqələrin qurulması istiqamətində ilkin addımdır”.
Bunu Sfera.az saytına açıqlamasında politoloq Turan Rzayev bildirib. Politoloq hesab edir ki, iki ölkə arasında münasibətlərin normallaşması Ermənistanı Rusiya asılılığından xilas edəcək:

"Ermənistan və Rusiyanın maraqları üst-üstə düşmür, buna görə də İrəvan Kremlin birbaşa diqtəsindən yayınmağa çalışır. Rəsmi İrəvan Rusiya təsirindən çıxmaq, Qərbə inteqrasiya etmək istəyir. Ermənistan bu istiqamətdə hər şeyi etməyə hazırdır. İrəvanın Ankara ilə də əməkdaşlığa can atması da bunun əlamətidir. Ermənistan üçün Türkiyə Qərbin qapısıdır”.
T.Rzayev düşünür ki, gələcəkdə Ermənistanın rus asılılığını türk aslılığı əvəz edəcək:
"Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması türk şirkətlərinin bu ölkəyə axın etməsi ilə nəticələnəcək. Tədricən türk şirkətlərinin bu ölkəyə investisiya qoyması, sayının artması erməni iqtisadiyyatını Türkiyədən asılı hala salacaq. Bundan başqa, sərhədlərin açılması erməni vətəndaşlarının iş üçün Türkiyəyə miqrasiyasını da gücləndirəcək.
Bu proselərin nəticəsində, gələcəkdə Ermənistanda Rusiyanın siyasi və hərbi çəkisinin azalması, Türkiyənin iqitisadi çəkisinin artırması müşahidə ediləcək. Rusiya hazırda Ermənistanda hərbi baxımdan təsirini qoruya bilir. Türkiyə isə gələcəkdə bunu iqtisadi təsiri ilə neytrallaşdıracaq”.
Politoloqun qənaətincə, münasibətlərin normallaşması Ermənistanın Azərbaycandan da iqtisadi asılılığını yaradacaq. Politoloq iqtisadi asılılığın enerji sektoru ilə bağlı olacağını düşünür:
"Ermənistan sərhədlərin açılmasından sonra enerji təminatı baxımdan Azərbaycandan asılı olacaq. SSRİ dövründə də Ermənistanın Azərbaycandan enerji asılılığı olub. Sərhədlərin açılması ilə yaxın gələcəkdə Ermənistan Rusiya təsirindən çıxıb, Türkiyə və Azərbaycanın iqtisadi təsiri altına düşəcək”.
Vasif
Sfera.az