Müharibədən sonra ilk təkbətək görüş – İlham Əliyev Brüsseldən qələbə ilə qayıdır

Müharibədən sonra ilk təkbətək görüş – İlham Əliyev Brüsseldən qələbə ilə qayıdır
Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Əvvəla onu qeyd etmək lazımdır ki, iki ölkə rəhbəri müharibədən sonra ilk dəfədir ki, təkbətək görüşürdü. Tərəflər sonuncu dəfə müharibədən öncə - 15 fevral 2020-ci il tarixində Münhendə bir araya gəlmişdi.
 
Erməni diasporu bu görüşə uzun müddətdir hazırlaşırdı. Görüş ərəfəsində Azərbaycan tərəfinə ənənəvi olaraq, "demokratiya”, "insan haqları" bəhanəsi ilə müəyyən təzyiqlərin ediləcəyi, bu yolla Zəngəzur dəhlizi və regional məsələlərin arxa plana salınacağı düşünülürdü. Lakin ermənilərin gözləntiləri özünü doğrultmadı.

Zəngəzur dəhlizinin açarı Laçın dəhlizidir!

Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hər kəsə bəllidir. Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada Prezidentin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır.
 
Laçında ermənilər üçün dəhlizin yaradılması fonunda Zəngəzurdan Azərbaycana sadəcə yolun verilməsi heç də ədalətli və konstruktiv deyil. Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də, faktiki olaraq müqavilədə maneəsiz hərəkət ifadəsi yer alıb. Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi anlayışdır. Lakin rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada Prezidentin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması və onu ilk dəfə Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir.

Bəyanatdakı bu məqamlar Paşinyanı məyus etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyanatı rəsmi Bakının maraqlarına uyğun saymaq olar. Misal üçün, Aİ Şurasının prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın da ifadə etdiyi kimi münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.
 
Digər tərəfdən, bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Prinsip etibarilə bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilə bilər. Çünki rəsmi Bakı da indiki halda yekun sülh müqaviləsinin imzalanmasını təklif edir və bu mövqeyi sabitdir.
 
Şarl Mişelin bəyanatındakı ən mühüm məqam isə şübhəsiz onun 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini çağırış etməsidir. Məsələ ondadır ki, bu çağırış Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Çünki 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin hamısı rəsmi Bakı üçün məqbuldur. Azərbaycan bu gün də qeyd olunan görüş və bəyanatların icrasını tələb edir. Məsələn, 10 noyabr bəyanatında öz əksinə tapan maneəsiz hərəkət müddəası və nəqliyyat kommunikasiya əlaqələrinin bərpa edilməsi məsələsi hələ də icra edilməyib.
 
Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.

Bəyanatda həm də dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Burada konkret olmasa da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi nəzərdə tutulur. Belə ki, indiki halda çəkiləcək dəmir yolu xətti keçmiş xəttin yenilənməsi hesabına reallaşacaq. Keçmiş dəmir yolu xətti isə məhz Zəngəzur ərazisindən keçirdi. Daha fərqli bir yerdən dəmir yolu çəkmək ən azından coğrafi baxımdan çətin olacaq. Ermənistanın yalnız Araz boyu cənub sərhədləri düzən ərazidir və SSRİ dövründə iki ölkəni birləşdirən dəmir yolu da məhz buradan keçirdi.
 
Hesab edirəm, bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir.
 
ATƏT-in Minsk qrupu oyundankənar vəziyyətdə...
 
Bəyanatda bir dəfə də olsun ATƏT-in MQ adı çəkilmədi. Hesab edirəm bu, gözlənilən idi. Çünki ATƏT-in MQ 27 illik fəaliyyətsizliyi artıq hər kəs tərəfindən qəbul edilir. 27 il ərzində qurumun bacarmadığını faktiki olaraq Azərbaycan 44 günlük müharibədə bacardı. Mahiyyət etibarilə, İkinci Qarabağ müharibəsinin başlamasına bir səbəb də məhz qurumun fəaliyyətsizliyi və qərəzli mövqeyi idi.

İndiki mərhələdə ATƏT-in MQ olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bəyanatda bir dəfə də olsun, ATƏT-in MQ adı çəkilməməsi isə onu göstərir ki, Brüsselin nəzərində də qurum öz etibarını itirib. Əks təqdirdə Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunmaz və bu məsələ ATƏT-in MQ-na həvalə edilərdi.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...