Bakının arqumentləri Haaqada İrəvanın məğlubiyyətini şərtləndirdi – Şərh

13:12 / 08.12.2021
565
Dünən keçirilən Beynəlxalq Ədalət Məhkəməsi
Ermənistan üçün tam bir fiasko ilə nəticələndi. Belə ki, məhkəmə Ermənistanın
irəli sürdüyü əsas iddiaları təmin etmədi. Rəsmi İrəvan bununla da Brüssel
görüşü öncəsi nail olmaq istədiyi hüquqi üstünlükdən məhrum oldu.
Rəsmi İrəvan onusz da məhkəmənin qərarından çəkinirdi.
Təsadüfi deyil ki, məhz buna görə erməni tərəfi minaladıqları ərazilərin xəritələrini
məhkəmədən öncə Azərbaycana qaytardı. Lakin bu hiyləgər gediş də Ermənistanın
istəyinə nail olmasına səbəb olmadı.
Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın irəli
sürdüyü iddiaları təmin etməməsi düzgün qərardır və hər birinin də konkret səbəbi
var:
Birincisi, məhkəmə Ermənistanın əsas iddiası və
məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını”
təmin etmədi. Erməni tərəfi iddia edir ki, Azərbaycanda ”müharibə məhbusları"
məhz erməni əsilli olduğu üçün saxlanılır. Yəni ermənilər bu iddianı etnik nifrət
kontekstində irəli sürüblər.
Məsələ ondadır ki, hazırda Azərbaycanda Ermənistanın
qeyd etdiyi kimi ”müharibə məhbusu" yoxdur. Rəsmi Bakı 44 günlük müharibə
zamanı hərbi əsir kimi ələ keçirilən erməni hərbçilərini elə müharibənin
gedişində beynəlxalq hüquqa uyğun olaraq rəsmi İrəvana təhvil verib. 10 noyabr
bəyanatından sonra Azərbaycanın ələ keçirdiyi erməni hərbçilər isə heç bir
halda hərbi əsir və ya Ermənistanın dediyi kimi "müharibə məhbusu"
adlana bilməz. O ki qaldı Ermənistanın irəli sürdüyü etnik nifrət arqumentinə,
bu çox absurd yanaşmadır. Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda erməni əsilli
vətəndaşlar yaşayır. Bu günə qədər də onlara qarşı etnik zəmində zorakılıq ya
da nifrət təzahürləri müşahidə edilməyib. Görünür, Beynəlxalq Ədalət Məhkəməsidə
Ermənistanın bu təklifini məntiqsiz və əsassız sayıb ki, onu təmin etməyib.
İkincisi, Ermənistanın Hərbi Qənimətlər
Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Ümumiyyətlə belə bir tələbin
irəli sürülməsi yanlışdır. Heç bir ölkə başqa bir ölkə ərazisində salınan
parkın bağlanmasını tələb edə bilməz. Əvvəla, ona görə ki, bu təklif Azərbaycanın
daxili işinə qarışmaq deməkdir. Bundan başqa, bu və bu kimi parkların
salınmasını məhdudlaşdıran və ya qadağa edən beynəlxalq konversiya yoxdur.
Dünyanın bir çox ölkəsində bənzər parklar və ya hərbi muzeylər mövcudur.
Üçüncüsü, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın
Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasını təmin
etməyib. Hesab edirəm, bu məsələdə Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı
Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Ermənistanın 90-cı illərdə
başda Xocalı soyqırımı olmaqla törətdiyi çoxsaylı cinayətlər insan haqlarının
kobud şəkildə pozulmasıdır. 44 günlük müharibə zamanı Ermənistanın hərbi əsirlərə
rəftarı, qeyri-insani davranışı bundan başqa 27 illik işğal dövründə Azərbaycan
ərazisinə vurduğu ziyan da erməni vəhşiliyinin təcəssümüdür. Azərbaycan dəfələrlə
beynəlxalq təşkilatlara müraciət edib ki, istənilən vaxt onlar gəlib həm
müharibə zamanı, həm də müharibə sonrası saxlanılan hərbi əsirlər, eyni zamanda
diversantların səhhəti ilə maraqlana bilərlər. Ermənistan isə bu günə qədər belə
bir təklif etməyib.
Hesab edirəm, Beynəlxalq Ədalət Məhkəməsinin
Ermənistanın iddialarına baxmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış
şəkildə sübut, dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. Bu mənada deyə
bilərik ki, Azərbaycanın əsaslı arqumentləri və təqdim etdiyi sənədlər Ermənistanın
bütün əsassız iddialarını çürütdü.
Turan Rzayev