ABŞ Ukraynaya “Patriot” və REM sistemləri göndərir? – Müharibə addım-addım yaxınlaşır

12:08 / 08.12.2021
520
Son günlərin əsas müzakirə obyektlərindən biri bölgədə yaşanan Rusiya-Ukrayna gərginliyidir. Ötən gün Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bununla bağlı danışarkən, "Böyük Britaniya, Kanada və ABŞ öz qoşunlarını Rusiyanın irimiqyaslı hücumu zamanı Ukraynanın cəbhə mövqelərinə çevrilə biləcək bölgələrinə yerləşdirməlidir”, - deyə bildirdi.
Bu baxımdan maraqlıdır, sözügedən ölkələr hansı addımları atacaq?
Sfera.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan siyasi şərhçi Şahin Cəfərli Ukrayna böhranının 8-ci ilinə yaxınlaşdığını xatırladıb. Onun sözlərinə görə, qeyd edilən fakta baxmayaraq, Qərb hələ indi Ukraynaya özünümüdafiə üçün strateji hərbi sistemlərin verilib-verilməməsi istiqamətində müzakirələrə başlayıb:
"Söhbət hava-raket hücumundan müdafiə sistemləri, yerüstü və suüstü hədəfləri vuran raketlər və radioelektron mübarizə vasitələrindən gedir. İndiyə qədər ABŞ-ın Ukraynaya verdiyi ən ciddi silah "Javelin” antitank sistemi olub, onun da sayı hələ ki yetərsizdir. Üstəlik, son aylara qədər birinci müdafiə xəttində istifadəsi qadağan idi. Rusiya ordusunun Ukrayna ordusundan güclü olduğu məlumdur, amma quru qoşunları arasında kəskin fərqlər olduğuna şəxsən inanmıram. Əksinə, ukraynalılar öz torpaqlarını qoruduqları üçün motivasiya baxımından üstünlükləri var. Kəmiyyətdə də ev sahibləri üstündür: 250 minlik ordu və cəbhə xəttində xidmət keçmiş 400 min rezervist. Başlıca problem intensiv hava-raket hücumlarından müdafiədir”.
Ş.Cəfərli qeyd edib ki, Rusiya istəsə, genişmiqyaslı quru əməliyyatı keçirmədən də, raket-aviasiya zərbələri ilə Ukraynanı təslimçi sülhə məcbur edə bilər:
"Əgər Ağ Ev və Pentaqon arasında hazırda gedən müzakirədə Ukraynaya "Patriot” və REM sistemlərinin göndərilməsi qərarı çıxsa, bu, həqiqi mənada real dəstək olacaq. Ümumilikdə ABŞ Ukrayna məsələsini acı bağırsaq kimi uzadan siyasətindən imtina edib, konkret qərar qəbul etməlidir. Ya bu ölkəni öz müdafiə çətiri altına alır və onu birdəfəlik ayının caynağından qurtarır - bunun üçün NATO üzvlüyü şərt deyil. Ya da ukraynalılara deyir ki, gedin, rusiyalı qardaşlarınızla özünüz dil tapın. Hətta ikinci yol da, fikrimcə, Ukrayna üçün qeyri-müəyyənlikdən daha yaxşıdır”.
Günay Rəsulqızı
Sfera.az