Haaqa məhkəməsi bu gün Azərbaycan və Ermənistanla bağlı qərar çıxaracaq – Eyni vaxtda

12:22 / 07.12.2021
506
Bu gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanı pozması ilə bağlı iddiası üzrə qərar çıxaracaq.
Sfera.az xəbər verir ki, məhkəmənin saytındakı məlumatda bildirilir ki, hökmü məhkəmənin sədri, hakim Joan E. Donahue oxuyacaq.
Qeyd olunur ki, həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası ilə bağlı qərar veriləcək.
"COVID-19 pandemiyası ilə əlaqədar otaqda yalnız Məhkəmənin üzvləri və işdə iştirak edən dövlətlərin nümayəndələri iştirak edəcəklər. Diplomatik korpusun üzvləri, media nümayəndələri və ictimaiyyət görüşü onlayn izləyə biləcəklər”, - məlumatda deyilir.
Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan 2021-ci il sentyabrın sonunda Ermənistana qarşı məhkəməyə qarşı iddia qaldırıb. Azərbaycan iddiasında qeyd edib ki, "Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik aksiyalarında iştirak edib və iştirak etməkdə davam edir”.
Sənədlərdə rəsmi Bakı 2020-ci ilin payızında Ermənistanın növbəti dəfə Azərbaycana hücum etdiyini göstərib. Azərbaycan həmçinin Ermənistanın etnik təmizləmə, azərbaycanlılara qarşı nifrətin qızışdırılması ilə bağlı siyasəti və davranışının sistematik olduğunu və BMT-nin müvafiq konvensiyasını pozduğunu bildirib.
Azərbaycan tərəfinin fikrincə, "Ermənistan konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır və Azərbaycana və Azərbaycan xalqına dəymiş ziyanı ödəməlidir”.
Xatırladaq ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bu il oktyabrın 18-19-da Azərbaycanın Ermənistana qarşı iddiası çərçivəsində dinləmələr keçirilib.
Ermənistanın Azərbaycana qarşı oxşar iddiasına oktyabrın 14-15-də baxılıb.