Ermənistanda yerli seçkilər nələri üzə çıxartdı?

Siyasət
11:51 / 07.12.2021
546
2021-ci ilin dekabrın 5-də Ermənistanda yerli özünüidarəetmə orqanlarına növbəti seçkilər keçirilib. Seçkilər 9 vilayətin 36 icmasında proporsional sistem üzrə baş tutub.
Bu seçkilər son iki ayda özünüidarəetmə orqanlarına keçirilən sayca ikinci seçkidir. Bundan öncə noyabrın 14-də Ermənistanda 5 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Sfera.az bildirir ki, Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini şərh edən politoloq Fərhad Məmmədov əksər yerlərdə hakim partiyanın seçkiləri uduzduğunu qeyd edib.
"Ümumi tendensiya ondan ibarətdir ki, əksər yerlərdə ilk dəfə olduğu kimi, hakim partiyanın nümayəndələri üzərində qələbəni parlament müxalifəti ilə əlaqəsi olmayan yerli elita qazanıb. Bu nəticələr onu göstərir ki, Ermənistan vətəndaşları son parlament seçkilərində məhz Köçəryan və Sarkisyanın qələbə qazanmaması üçün Paşinyana səs verib. Ermənistan əhalisinin əksəriyyəti indiki siyasi elitanın heç birinə inanmır, ancaq Paşinyanla müqayisədə əvvəlki siyasi qüvvələrə daha çox nifrət edir”.
F.Məmmədovun fikrincə, Paşinyan narazılığın artdığını anlayır. Və nə qədər ki, Köçəryan və Sarkisyan var, o, prosesləri idarə edə bilər. Lakin Paşinyanın siyasi rəqibləri getdikcə artır:
"Onun üçün təhlükə həm ona qarşı olan, həm də "keçmiş”lə heç bir əlaqəsi olmayan şəxslərin ətrafında formalaşan qüvvələrdir. Artıq Ermənistan siyasətində bunlar kifayət qədərdir: prezident Sarkisyan, ombudsman Tatoyan, Edmon Marukyan və artıq Vardanyan. Qərbyönlü qüvvələr də üçüncü qüvvə roluna iddialı olacaqlar.
Düzdür, yerli seçkilərdə məğlubiyyətə baxmayaraq, Paşinyanın legitimliyi şübhə altına düşmür. O, parlament seçkilərində qalib gəlib və legitimdir. Bununla belə, parlament sisteminin xüsusiyyəti parlamentdəki fraksiyaların birləşməsini tələb edir. Əgər Paşinyana qarşı hakimiyyətdaxili qrup yaranarsa, partiyaların parçalanması baş verə bilər. Bu yolu parlamentdə çoxluğu qoruyub saxlaya biləcək partiya liderləri gedə bilər.
Hələlik Paşinyan müxalifətin parçalanmasına nail olmaqla bu faktdan öz xeyrinə istifadə etməyi bacarır”.
F.Məmmədovun qənaətincə, nəticələr onu göstərir ki, Paşinyan hələ də güclüdür və o, qərarların icrasından çəkinmir. Onun sözlərinə görə, indiki vəziyyətdə Bakının maraqları konstruktiv məcrada proseslərin inkişaf etməsi və siyasi qeyri-sabitliyin stimullaşdırılmamasıdır.
Vasif
Sfera.az