“Regionların inkişafı paytaxtla paralellik təşkil etməlidir” – Deputat

“Regionların inkişafı paytaxtla paralellik təşkil etməlidir” – Deputat
"Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində əsaslı işlər görülür. Xüsusilə 44 günlük müharibədən sonra bu proses daha da sürətlənib. Artıq işğaldan azad edilən rayonunun Baş Planı təsdiq olunub. Baş Plana əsasən, ən qısa zamanda işğalın fəsadları aradan qaldırılmalı, regionların sosial-iqtisadi inkişafı təmin edilməlidir”.
 
Bu sözləri Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində görülən işlər haqda danışarkən deyib.


 
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərə, həmçinin digər regionlara yerli və xarici investisiyanın cəlb edilməsi proqnozlaşdırılır:
 
"Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxildə satışı, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Hazırda regionlarımız böyük turizm potensialına malikdir. Misal üçün Ağdam rayonu təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. İndiki halda regionların inkişafı gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanını daha da genişləndirə biləcək”.

Deputat qeyd edib ki, ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollardan çox investisiya qoyulub ki, bunun yarısı xarici sərmayədarların payına düşür:



"Xarici sərmayələrin böyük hissəsi regionlara yönəldilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası zamanı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistik xidmətlərin inkişaf etdirilməsi imkanları yaradılır.

Sərmayələrin regionlara cəlb edilməsi işsizliyin azalmasına, yoxsulluğun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Son illərdə regionlarda biznes mühiti də inkişaf etdirilir.  Hər bir sərmayə innovasiyaların yaranmasına səbəb olur və bu da rayonların innovativ inkişafına xidmət edir”.

Turan Rzayev

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi


 

OXŞAR XƏBƏRLƏR