“Erməni əhalisinin reinteqrasiyası prosesi başlayır” - Politoloq

“Erməni əhalisinin reinteqrasiyası prosesi başlayır” - Politoloq
"Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə xüsusi nümayəndə təyin etməsi Rusiyanın müvəqqəti qalma zonasında yaşayan ermənilərin reinteqrasiyası institutlarının formalaşdırılması prosesinin başlanğıcıdır”.

Sfera.az xəbər verir ki, bu haqda açıqlamanı politoloq Fərhad Məmmədov verib.

Politoloq vurğulayıb ki, Azərbaycan rəhbərliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti qalması üçün ərazi ayırmayıb, ölkənin inzibati rayonlarını qoruyub saxlamaqla bu ərazini iqtisadi rayona birləşdirib. Onun fikrincə, inzibati baxımdan heç nə dəyişmir. 

F.Məmmədovun sözlərinə görə, azərbaycanlıların qayıtması üçün infrastrukturun yaradılması ilə məşğul olacaq yeni və müvəqqəti dövlət qurumu formalaşır (indiki halda, əvvəlcə Ağdam, Füzuli və Cəbrayılda, sonra isə Xankəndi, Ağdərə, Xocalı və Əsgəranda) ki, bu da erməni əhalinin reinteqrasiyasına kömək edəcək: 

"Şübhəsiz ki, əsas cazibə mərkəzi Ağdam şəhəri olacaq. Burada sənaye potensialı, yol infrastrukturu və ticarət imkanları geniş olan yüz minlik şəhər yaradılacaq. Eyni zamanda, iqtisadi rayonun digər şəhərlərindən fərqli olaraq, Ağdam və Şuşa ermənilərin məskunlaşdığı yaşayış məntəqələrinə yaxın ərazidə yerləşir. Qarabağın dağlıq hissəsində qarşılıqlı əlaqə olmadan nə maldarlıq, nə bitkiçilik, nə də əkinçilik inkişaf edə bilər. Süni şəkildə yaradılmış Xankəndi cazibə funksiyasını yerinə yetirə bilmir, çünki onun coğrafi və iqtisadi cəhətdən, heç bir əsası və potensialı yoxdur. 

Beləliklə, Azərbaycan reinteqrasiya prosesinə konstruktiv yanaşma tətbiq edir,  iqtisadi mexanizmlərdən istifadəni nümayiş etdirir”.

Politoloqun fikrincə, zaman keçdikcə Qarabağ iqtisadi rayonunun erməni əhalisi başa düşəcək ki, Ermənistan və diaspora onların təhlükəsizliyinin təmin edilməsi və ya tanınması ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyib: 

"Başa düşəcəklər ki, Ermənistanın büdcəsindən ayrılan vəsait hesabına uzun müddət Azərbaycan ərazisində qalmaq və mövcud olmaq mümkün deyil. Əslində, Ermənistan erməniləri Qarabağ ermənilərinə müftəxor adamlar kimi baxırlar. Bu vəziyyət erməni əhalisinin haqlı narazılığına səbəb olur və Ermənistan üçün baha başa gəlir. 

Buna görə də Qarabağ iqtisadi rayonu daxilində yaşayan ermənilər üçün yeganə çıxış yolu qaçılmaz olan Azərbaycan vətəndaşlığını qəbul etmək olacaq”.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR