\"Variantlarının tükəndiyini görən düşmən \"suları bulandırmaq\" istəyəcək\" - Siyasi şərhçi

\
"Liderlər arasında ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə dərinləşməsi, Zəngəzur dəhlizindən birgə istifadə və digər məsələlər barədə razılıq əldə olunması müsbət haldır”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında prezident İlham Əliyevlə iranlı həmkarı İbrahim Rəisi arasındakı görüşdən danışarkən deyib.

O, Azərbaycanın xarici diplomatiyasında qonşuluq münasibətlərinin prioritet olduğunu vurğulayıb:

"Bu  mənada hazırkı nəticə maraqlarımıza uyğundur. İkinci tərəfdən isə İranla münasibətlərin normallaşması həm də regiondakı sabitlik üçün mühümdür. Kimsəyə sirr deyil ki, bölgədə əsas dekonstruktiv "oyunçu" məhz Ermənistandır. Zaman-zaman onu "cəsarətləndirənlər" isə Rusiya və İran olub. Tehranın İrəvana müxtəlif dəstəkləri, o cümlədən Qarabağa "humanitar yüklərin" daşınması o qədər da uzaq keçmişə aid deyil. Deməli, cənub qonşumuz Ermənistan üçün "nəfəslik" rolunu oynayırdı. Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində indi həmin "nəfəslik" bağlandı”.

Müsahibimiz qeyd edib ki, bundan sonra İrəvan Bakı ilə Tehran arasındakı münasibətləri korlamağa çalışa bilər:

"Bu məqsədlə müxtəlif təxribatçılıq cəhdləri istisna deyil. Variantlarının tükəndiyini görən düşmən dövlətin "suları bulandırmaq" naminə cəbhədə provokasiyaları intensivləşdirilməsi də gözləniləndir. Eyni zamanda Moskvanın Bakı-Tehran münasibətlərinə qısqanclıqla yanaşması, sabotajlar yaratması ehtimalı var. Biz əvvəllər də belə analogiyaların şahidi olmuşuq. Ən mühüm məsələlərdən biri isə budur ki, Cənubi Qafqazda altılıq platformasının yaranması istiqamətində ciddi addımlar atılır.  Aşqabad görüşü, o cümlədən İranla münasibətlərin nizamlanması bizim Brüsseldə də "əlimizin daha güclü olmasını" təmin etdi. Lakin soyuqqanlı davranmalı, təhdidlərə, qısqanclıqlara hazır olmalıyıq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR