NATO-Rusiya gərginliyi davam edir: Bölgənin aqibəti necə olacaq?

11:34 / 01.12.2021
701
Son günlər Rusiya və NATO arasında siyasi-hərbi vəziyyət gərginləşməkdə davam edir. Rusiya Prezidenti Vladimir Putin də NATO-nun Ukraynada hərbi infrastrukturunu genişləndirməsinin onlar üçün "qırmızı xətt” olduğunu vurğulayıb. "Rusiyanın 2021-ci ilin əvvəlində Ukraynaya hücuma hazırlaşdığına dair iddialar yayılmışdı. Ancaq heç bir hücum olmadı. Biz keçmişdə NATO ilə, demək olar ki, müttəfiq idik, lakin bütün istəklərimizə baxmayaraq, onlar sərhədlərimizdə genişlənməyə davam etdilər”, - deyə ölkə rəhbəri bildirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, NATO Polşada, Baltikyanı ölkələrdə və Qara dənizdə hərbi birliklərini artırır:
"ABŞ başda olmaqla, NATO-nun soyuq müharibədən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsində məqsəd əsasən, Rusiyanın Belarusiya ərazisindən Polşaya və Ukraynaya qarşı aqressiyasının, ümumilikdə Kremlin Ukrayna üzərindəki hərbi təzyiqlərinin qarşısını almaqdır. Təbii ki, qabağında yeni güc görən Rusiya çalışacaq ki, toqquşmalardan çəkinsin. ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdəki hərbi qüvvələr sabah Ukrayna ərazində peyda ola bilər. Ona görə də, 2014-cü ildən fərqli olaraq, Rusiyanın qarşısında real güc dayanıb”.
Müsahibimiz əlavə edib ki, Qarabağ müharibəsi də NATO və ABŞ-ı cəsarətləndirən amillərdən biri olub:
"Çünki, ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayandı. Türkiyə və Azərbaycan tandemi Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da Qərbdə Ukraynaya real dəstək verilməsinə gətirib çıxarır. Bir neçə aydır, Donbasda lokal hərbi əməliyyatlar keçirilir, Ukrayna ordusu separatçılara zərbələr vurur. Yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsi ilə danışıqlara hazır olduğunu qeyd edir. Türkiyənin vasitəçiliyi isə Ukraynanın ərazi bütövlüyünün təmininə hesablanacaq. Sözügedən ölkənin burada nə qədər təsirli vasitəçi olması sual doğurur”.
Günay Rəsulqızı
Sfera.az