Avropanın nüfuzlu düşüncə mərkəzi və jurnalı Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərdən yazdı

16:07 / 19.11.2021
1379
Azərbaycanlı
politoloq Ceyhun Osmanlının müəllifi olduğu "Azərbaycanla Ermənistan arasındakı
ən son döyüş niyə baş verdi?” başlıqlı
analitik məqalə Avropanın Modern Diplomacy Düşüncə Mərkəzi və eyni adlı jurnalı
tərəfindən dərc edilmişdir.
Məqalənin
tərcüməsini təqdim edirik:
Ermənistanın Azərbaycana qarşı təcavüzünün
qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan
Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı
Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlamışdır.
44 gün davam edən və ‘Vətən Müharibəsi’ olaraq adlandırılan bu müharibə Şanlı
Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa
çatmışdır. Nəticədə Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabr
ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan 2020-ci il dekabr
ayının 1-də öz ərazi bütövlüyünü bərpa etmişdir. 44-günlük müharibə Azərbaycanın
işğal olunmuş ərazilərinin uzun müddətdir davam edən işğalına son qoymuş və bu ərazilər
üzərində Azərbaycanın suverenliyini bərpa etmişdir. Ancaq o vaxtdan bəri üçtərəfli
bəyanatda yer alan öhdəliklərin həyata keçirilməsi üçün zaman-zaman problemlər
ortaya çıxmışdır. Belə ki, Ermənistanın mövcud stabil vəziyyəti pozmağa cəhd edərək
üçtərəfli bəyanatının müddəasını pozması nəticəsində tərəflər bir neçə dəfə hərbi
qarşıdurma ilə üzləşmişlər.
Ermənistan silahlı qüvvələrinin noyabrın 16-da
saat 11:00 radələrində Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında sərhəd
qoşunlarının mövqelərini intensiv atəşə tutması ilə başlayan son təxribat tərəflər
arasında yuxarıda qeyd olunan üçtərəfli bəyanatın imzalanmasından bəri ən ağır
toqquşmaya səbəb olmuşdur. Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən
Azərbaycan Ordusunun bölmələri dərhal fövqəladə əməliyyat keçirərək Ermənistan
silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını alsalar da, hər iki tərəf hərbi
qulluqçuların həyatlarını itirməsi ilə üzləşmişdir. Azərbaycan Müdafiə
Nazirliyinin məlumatına görə, noyabrın 16-da baş vermiş döyüşlərdə Azərbaycan
Ordusunun 7 hərbi qulluqçusu şəhid olmuş, 10 hərbi qulluqçusu isə
yaralanmışdır. Qarşı tərəfin itkiləri barədə rəsmi məlumat olmasa da, 20-dən
çox ölən və 20-yə yaxın yaralının olduğu təxmin edilir.
Bu qarşıdurma, münaqişə dövründə Ermənistanın
digər bir tərəfdarı və Azərbaycanı öz əzəli düşməni olan İsraillə yaxın münasibətdə
olduğu üçün günahlandıran İranın iki ölkə sərhədi yaxınlığında iri hərbi təlimləri
və təhdid edici qeyri-müəyyən hərəkətləri, Ermənistanın keçmiş müdafiə naziri
Arşak Karapetyanın Azərbaycan ərazisinə qanunsuz səfəri, Laçındakı Azərbaycan
Ordusunun mövqelərinə gedən yolda erməni qüvvələrinin toplaşması, Ermənistanın
mülki vətəndaşı tərəfindən Şuşa şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə
"partlayıcı qurğu” atılması, habelə Ermənistanın Azərbaycan Ordusunun Kəlbəcər
və Laçın rayonlarında yerləşən mövqelərini intensiv atəşə tutması kimi son günlərdə
baş verən müxtəlif hadisələr kontekstində analiz edilməlidir.
Bütün bunları nəzərə alaraq, son qanlı döyüşlərin
niyə baş verməsi ilə bağlı aşağıda verilmiş bəzi arqument və ssenarilər ortaya
çıxır:
- Ermənistan problemi beynəlxalq müstəviyə
çıxarmaq istəyir. Sirr deyil ki, İkinci Qarabağ Müharibəsi başlayan gündən Ermənistan
tərəfi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini beynəlxalq
müstəviyə çıxarmaq üçün bütün vasitələrə əl atmışdır. Bu səbəbdən Ermənistan
Rusiyaya və özünün "qərbdəki havadarlarına” dəfələrlə müraciət etmişdir. Bu
müddət ərzində hər mənada siyasi, mənəvi və hərbi dəstək almasına baxmayaraq,
Ermənistan Rusiyadan birbaşa müdaxilə edərək qondarma Dağlıq Qarabağ
respublikasının təhlükəsizliyinə təminat verməsini istəyirdi. Lakin Azərbaycanın
həyata keçirdiyi hərbi əməliyyat onun beynəlxalq səviyyədə tanınmış ərazisində
aparılırdı və Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun olaraq, öz ərazilərini azad etmək qanuni
hüququ var idi. Məhz buna görə də Azərbaycan tərəfi bütün "üçüncü tərəfləri” Azərbaycanla
Ermənistan arasındakı problemə qarışmaqdan çəkinməyə çağırmışdı.
Lakin bu yaxınlarda Azərbaycanın Kəlbəcər və
Laçın rayonlarında Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş
vermiş toqquşma zamanı Ermənistan dəqiq yerini göstərmədən məqsədli şəkildə
toqquşmanın Ermənistan ərazisində baş verdiyini bildirmişdir. Ona görə də, Ermənistan
tərəfi Rusiyaya müdaxilə edərək, Ermənistanın ərazi suverenliyini müdafiə etməsi
üçün rəsmi müraciət etmişdir. "İnterfaks” agentliyinin məlumatına görə, Ermənistan
Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan noyabrın 16-da Ermənistan
İctimai Televiziyasının efirindəki çıxışı zamanı, "Azərbaycanın Ermənistanın
suveren ərazisinə hücumunu nəzərə alaraq, Rusiyanı 1997-ci il dövlətlərarası
müqavilə və mövcud müqavilənin məntiqi çərçivəsində qarşılıqlı öhdəlikləri
yerinə yetirərək Ermənistanın ərazi bütövlüyünü müdafiə etməyə çağırdıqlarını”
deyib.
Bundan başqa, Eurasianet-in məlumatına görə, bu
münasibətlə erməni jurnalist Tatul Akopyan yazıb ki, "bir halda ki, Azərbaycan
Ermənistanın suveren ərazisinə müntəzəm və açıq şəkildə müdaxilələr edir, niyə
KTMT və Rusiya İrəvan qarşısında müttəfiqlik öhdəliklərinə məhəl qoymurlar. Rusiyanın
bundan sonra səssiz qalmayacağı qırmızı xətlər hansılardır, əgər elə bir xətt
varsa?”
Qeyd etmək lazımdır ki, ikitərəfli qaydada və həmçinin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsində qeyd
olunduğu kimi, Rusiya hər hansı üçüncü tərəfin Ermənistana hücumu halında Ermənistanın
müdafiəsi üçün hərbi müdaxilə etmək öhdəliyi daşıyır.
Bundan başqa, Ermənistan eyni zamanda 1915-ci
ildə Osmanlı imperiyasında baş vermiş hadisələrinin "soyqırım” kimi tanınması
istiqamətində aparılan "müqəddəs müharibə”də özünü Ermənistanın ən güclü dəstəkçisi
kimi göstərmiş Fransa vasitəsilə qərbli müttəfiqlərinin diqqətini münaqişəyə cəlb
etməyə çalışır.
- 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata
uyğun olaraq, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin demarkasiyası
ərəfəsində Ermənistan hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki
yüksəklikləri və eləcə də, daha sərfəli və strateji mövqelər ələ keçirərək hərbi
üstünlük əldə etmək və üstəlik danışıqlar masasında siyasi təsir imkanları qazanmaq
üçün Azərbaycana qarşı genişmiqyaslı təxribatlara və hərbi əməliyyatlara
başlayıblar.
- 2020-ci il noyabr ayının
10-da imzalanmış üçtərəfli bəyanatın ildönümü ərəfəsində Ermənistanın keçmiş
müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlı qüvvələrinin regionda
sülhün qorunması üçün mövqe tutduğu Azərbaycan ərazilərinə qanunsuz və icazəsiz
səfəri, qondarma Dağlıq Qarabağ respublikasının "rəsmi şəxsləri” ilə müxtəlif
görüşlər keçirməsi, onların Azərbaycanla yeni müharibəyə hazır olmaları ilə
bağlı fikirlərini ifadə etməsi kimi hadisələr göstərir ki, revanşist ideyalarla
qidalanan Ermənistanın siyasi və hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını
qəsdən pozuraraq regionda sabitliyi pozmağa və Rusiya sülhməramlılarının fəaliyyətinə
kölgə salmağa çalışır. 2021-ci il noyabrın 16-da baş vermiş son toqquşma Ermənistanın
siyasi və hərbi rəhbərliyinin bu siyasətinin məntiqi davamı idi.
- Ermənistan cəmiyyətində xaos və siyasi
qeyri-sabitlik hökm sürür və Paşinyan hökumət və digər milli təhlükəsizlik
institutları üzərində tam nəzarətə malik deyil. Bu yaxınlarda keçmiş müdafiə
naziri Arşak Karapetyanın Azərbaycan ərazilərinə icazəsiz səfəri, bəyanatlar
verməsi və Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribatları
pozması prosesin sabitliyini pozmaq üçün Karapetyanın şəxsi təşəbbüsü ola bilər.
- Siyasi qeyri-sabitlik və hərbi eskalasiya Ermənistandakı
bəzi qruplar və siyasi müxalifət üçün Paşinyanı hakimiyyətdən salmaq istiqamətində
faydalı ola bilər. Belə ki, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən
son toqquşmadan sonra Ermənistandakı siyasi müxalifət Paşinyan və onun hökumətini
istefaya çağırıb. Bununla bağlı Eurasianet-in məlumatına görə, Ermənistan
parlamentində əsas müxalifət fraksiyası olan Ermənistan Alyansının bəyanatında
deyilir ki, "Nikol Paşinyan hökuməti itkilər, ərazi itkiləri, parçalanma və
xaos gətirir. Bu vəziyyətdən çıxmanın ən qəti yolu bu hakimiyyətin getməsidir. Nikol
Paşinyanın istefasından sonra bütün mümkün qüvvələrin birləşməsi və yeni hökumətin
formalaşdırılması lazımdır”. Bundan əlavə, sənədli film rejissoru və Paşinyanın
əsas tənqidçilərindən olan Hovhannes İsxanyan Facebook hesabında "Kafelərə,
restoranlara, kinoteatrlara gedin və hamını türk agentlərini [Ermənistan hökuməti
üçün ortaq epitet] Ermənistandan çıxarmağa çağırın” -yazaraq, müxalifəti hökuməti
devirməyə çağırıb.
- Sərhəddəki son toqquşmaya görə Azərbaycanı
ittiham etməsinə baxmayaraq, Paşinyan müdafiə naziri Arşak Karapetyanı istefaya
göndərib və bu vəzifəyə müavini Suren Papikyanı təyin edib. Paşinyanın bu təyinatı
düşünməyə əsas verir ki, o Ermənistanın əvvəlki hakimiyyətlərinin siyasi-hərbi
xuntasından qurtulmaq və Ermənistanda yüksək vəzifələrə loyal şəxsləri təyin
etməklə sadəcə orduda deyil, bütün cəmiyyətdə nəzarəti öz əlinə almaq istəyir və
sərhəddəki son gərginlik onun bu planı üçün əlverişli şərait yaratmışdır. Paşinyan
digər hərbi qulluqçuları da öz vəzifələrini yerinə yetirməməkdə və icra etməməkdə
ittiham edərək, daha sərt hərbi islahatlara gedəcəkdir. Nəticədə Paşinyanın
siyasi proqramına müqavimət göstərən bir çox yüksək rütbəli zabitlər Ermənistan
ordusundan qovulacaqlar.
- Paşinyanın tərəflər arasında atəşkəsdən dərhal
sonra "ermənilərin sülh müqaviləsi bağlamaq təklifi” ilə bağlı bəyanatı onun
"sülh müqaviləsi imzalamağa həvəsli” olduğunu göstərir, lakin daxili vəziyyəti
qiymətləndirmək və cəmiyyəti yekun sülhə hazırlamağın vacibliyini də ön planda
tutur. Paşinyan bilirdi ki, sərhəddə istənilən təxribat və Azərbaycan Ordusuna
qarşı hərbi əməliyyat Ermənistan üçün ciddi itkilərlə nəticələnəcək. O, bu hərəkətlə
Ermənistan cəmiyyətinə göstərməyə çalışdı ki, bu fəsad və itkilərin səbəbkarları
müharibə istəyənlər və sülh sazişinə qarşı çıxanlardır və daimi sülh olmadan
regionda gələcək yoxdur. Bununla bağlı Eurasianet yazır ki, Ermənistan rəsmiləri
"yeni müqavilənin müsbət cəhətlərini vurğulayaraq ermənilərə bu müqavilənin
yeni ticarət yollarından əldə ediləcək iqtisadi qazancları və nəhayət qonşuları
ilə sülh şəraitində yaşamaq kimi
potensial faydalarını aşılamağa çalışırlar”. Bundan əlavə, Eurasianet-ə görə,
noyabrın 7-də ictimai televiziyaya müsahibə verən Paşinyan deyib ki: "Biz dinc
inkişaf erasının açılması gündəliyini qəbul etmişik... Biz növbədənkənar
parlament seçkiləri nəticəsində bu dövrü açmaq mandatını xalqımızdan almışıq”.
- Paşinyan Ermənistan cəmiyyətində Rusiyaya
olan inamı qırmaq istəyir. Məlumdur ki, Paşinyan Rusiyanın erməni cəmiyyətində
hər mənada belə güclü təsirini tənqid edənlərdən biri olmuş və hakimiyyətə gəlməmişdən
əvvəl və vəzifəsinin ilk günlərində həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığına
qarşı çıxmışdır. Beləliklə, bu toqquşmada Paşinyan Rusiyanın vəziyyətə hərbi
müdaxilə etməyəcəyini, əksinə, onu siyasi yolla həll etməyə çalışacağını bilə-bilə,
məqsədli şəkildə Rusiyanı Ermənistanın ərazi suverenliyini müdafiə etmək üçün
müdaxilə etməyə çağırmışdır. Ermənistanın "belə çətin günündə” Rusiyanın
müdaxilə etməməsi Paşinyana erməni cəmiyyətinə Rusiya ilə müttəfiqliyin dəyərli
olmadığını və Rusiyanın onların təhlükəsizliliklərinin qarantı olmadığını və gələcəkdə
də onları hər hansı bir təhlükədən qorumayacağını göstərmək imkanı verəcək.
- İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan
Ermənistanla sərhəd xəttinə nəzarəti bərpa edərək mühafizə tədbirlərinə və Ermənistanla
sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə başlamışdır. Lakin son 10
gündə baş verənlər göstərir ki, Ermənistan tərəfi regionda sülh və təhlükəsizliyin
təmin edilməsi, eləcə də sərhədlərin delimitasiyasında istəkli deyil. Bu
baxımdan regiona qış gəlməmiş Azərbaycan, Ermənistan və Rusiya arasında
razılaşdırılmış xəritəyə uyğun olaraq sərhədin hansısa nöqtəsində mövqelərini
irəlilədir ki, bu da ümumən sərhəd xəttinin delimitasiyası və demarkasiyasından
narazı olan və Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlara başlayan Ermənistan
tərəfinin hərbi müqaviməti ilə qarşılaşmasına səbəb olur.
- Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinə
qarşı sərhəddə həyata keçirtdiyi hər bir cəhd və təxribat Azərbaycan tərəfindən
məqsədyönlü şəkildə "sülhə məcburetmə əməliyyatı” kimi istifadə olunur. Məlumdur
ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin keçirtdiyi
hərbi əməliyyatlar Ermənistan tərəfini Azərbaycan ərazilərini azad etməyə və hərbi
qüvvələrini könüllü olaraq geri çəkməyə məcbur etmək məqsədilə məqsədyönlü
olaraq sülhə məcburetmə əməliyyat kimi həyata keçirilib. Bu aktın məntiqi nəticəsi
kimi Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanat nəticəsində
ərazilərinin bir hissəsini hərbi əməliyyatlarla, qalan hissəsini isə siyasi
yolla azad etməyə nail olmuşdur. Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq
öz ərazilərini geri qaytarmasına baxmayaraq, bəyanatda yer alan digər məsələlərin
həllinin hələ də açıq qaldığı və Ermənistan tərəfinin hər cür bəhanələrə əl
ataraq üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən
geri çəkildiyi bildirilir. Məhz buna görə də son günlər Azərbaycanın Kəlbəcər və
Laçın rayonlarında Ermənistan tərəfinin təxribatı ilə başlamış döyüşlər Azərbaycan
tərəfinin güc tətbiq etməklə növbəti sülhə məcburetmə əməliyyatını həyata keçirərək,
Ermənistanı razılaşmaya sövq etmək və ona danışıqlara geri qayıdaraq masaya
oturmaqdan və öhdəlikləri yerinə yetirməkdən başqa alternativinin olmadığını
göstərmək üçün təzyiq kimi qiymətləndirilə bilər. Bu baxımdan Ermənistanın təhrik
etdiyi son toqquşmada məqsəd müqavilə bağlamaqdan imtina edən Paşinyanı
rasional addım atmağa sövq etmək ola bilər. Döyüşlərdən sonra Ermənistan rəsmilərinin
sülh və demarkasiya xətti ilə bağlı son bəyanatları Azərbaycanın bu sülhə məcburetmə
siyasətinin məntiqi nəticəsi sayıla bilər.
- Qeyd etmək vacibdir ki, 10 noyabr 2020-ci il
tarixli üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan regionun daha böyük nəqliyyat
layihələrinin önünün açılması kontekstində Azərbaycan və Naxçıvan arasında Azərbaycan
tərəfindən "Zəngəzur dəhlizi” adlandırılan və Ermənistanın cənub ərazilərindən
keçəcək dəmir yolu və avtomobil yolunun açılmasında öhdəlik daşıyır. Bu, nəinki
Azərbaycanla Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında əlaqəni təmin edəcək,
həm də Çin və Avropa arasında hər şeyin rahatlıqla daşınmasına gətirib
çıxaracaqdır. Azərbaycanın həmsərhəd rayonlarında baş verən son təxribatlar
birincisi dəhlizin Azərbaycanın nəzarəti altında olan Ermənistan ərazisindən
keçməsinə qarşı çıxanların, ikincisi Asiya ilə Avropa arasında yeni quru əlaqə
və nəqliyyat xəttinə qarşı olanların düşünülmüş hərəkəti ola bilər.