“30 illik işğal faktoru hədəflərdən yayındırmadı” - Azərbaycan dövlətçiliyi müasir mərhələdə...

15:09 / 19.11.2021
1112
"Ölkəmiz
bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal
iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici
siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində
iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur
yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə
və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi
rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə
yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünün
olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən
yayınmamışdır”.
Bu sözlər
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məxsusdur. Dövlət başçısı
bu fikirlərlə çoxəsrlik Azərbaycanın müasir mərhələdə müxtəlif sektorlarda
mühüm nailiyyətlər əldə etdiyini və bunun fonunda işğal faktorunun kiçik qaldığını
diqqətə çatdırıb. Dövlət müstəqilliyimizin bərpasının 30-cu ilində dövlətçilik ənənələrinin
bu qədər möhkəm olması və 30 il davam etmiş separatçılığın, işğalın sonlanması
təqdirəlayiqdir və beynəlxalq aləmdə suverenliyin özülüdür.

Dünyaya
inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti,
incəsənəti ilə sözün əsl mənasında heyrət doğura bilib. Bu milli-mənəvi dəyərlərin
təməlində xalqın tarixi köklərini, mədəniyyətini, məişətini, sosial həyatını əks
etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla
səhifələdiyi vərəqlər isə müstəqilliyimizin 30-cu ilində daha da zənginləşir,
Azərbaycanın dünyaya töhfələr verən "abidə” olduğunu sübut edir. Prezident
İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda sözügedən ifadə
öz təsdiqini bir daha tapır.
Qərb və
Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli
dəyərlərinə bu şəkildə yanaşma yeni nəsildə mövcud dəyərlərə sevgi hissi yaradır.
Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox
dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr verib. Bu proses indi də davam
edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri
kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul
olunur.

Ölkəmizdə
beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız
insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların birləşdiyi nöqtədə yerləşdiyinə
əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq
nüfuzunu daha da artırır.
Müasir
dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş
dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Belə bir şəraitdə iqtisadi cəhətdən
inkişaf edən Azərbaycan Respublikası da elm və təhsilə hərtərəfli qayğı göstərir.
Elm və təhsilə
daim qayğı göstərən Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi: "Ümumi çətinliklər
nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin
inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik".
Hazırda Azərbaycanda
elm və təhsilin birgə inkişaf konsepsiyasının reallaşdırılması, kadr
hazırlığını genişləndirmək, ali məktəblərdə elmin inkişafına şərait yaratmağın önə
çəkilməsi məsələsinə diqqət yetirilir. Son illər müstəqil Azərbaycan
Respublikası üçün yeni kadrların hazırlanması daha da aktuallaşıb, nəzəri, eləcə
də praktik baxımdan mühüm əhəmiyyət kəsb
edir. Bu məqsədlə dövlət başçısı İlham Əliyev dünyanın ən inkişaf etmiş ölkələrinə
gəncləri təhsil almağa göndərərək, müasir dövrün yeni milli elm və təhsil
elitasını yetişdirir. Həmin gənclər bu gün Azərbaycanın müxtəlif sahələrində
çalışan yüksək ixtisaslı kadrlardır.

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Mövzu: Dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi
müasir mərhələdə;