Pekinin uyğur siyasətində dəyişiklik yoxdur

11:28 / 19.11.2021
815
"Qərb ölkələrində uyğur problemi əvvəlkitək
Çinlə münasibətlərdə əsas müzakirə mövzularındandır. Bu sırada Çexiya ön
sıralardadır. Rəsmi Praqanın Moskva ilə münasibətlərindəki gərginlik
bəllidir. Çexiyada bir neçə il əvvəl silah anbarında partlayış olmuşdu.
Aparılan tədqiqat göstərdi ki, partlayışda rusiyalı xəfiyyətlərin əli var.
Praqa anbarı partladan Rusiya vətəndaşlarının şəkillərini paylaşdı. Bundan
sonra Moskva-Praqa münasibətləri gərginləşdi. Əvvəlcə Çexiya Rusiyanın
Praqadakı səfirliyinin xeyli diplomatını evə göndərdi. Buna cavab olaraq Rusiya
da Çexiya səfirliyinin fəaliyyətini məhdudlaşdırdı, Çexiyanın Moskvadakı mədəniyyət
mərkəzi qapadıldı və s."
Sfera.az bildirir ki, bu sözləri "Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Çexiya Rusiya ilə münasibətlərdə
gərginlik yaşamaqla bərabər Moskvanın strateji tərəfdaşı Pekinlə münasibətlərdə
də geri addım atmayıb:
"Bir müddət əvvəl Praqada Şərqi Avropada
sürgündə olan uyğurların qurultayının keçirilməsinə qərar verilib. Öz növbəsində
uyğurlar Çexiyada "sürgün hökuməti” formalaşdırmağa qərar veriblər. Bəs nəyə görə uyğurlar fəaliyyətləri üçün məhz
Praqanı seçiblər? Uyğurlar Çexiyanı Avropada insan haqlarının
qorunmasının əsas mərkəzlərindən biri hesab edirlər. Buna baxmayaraq, Çexiyada
bəzi siyasətçilər uyğurların Praqada fəaliyyətindən ehtiyat ediblər. Onlar
hesab ediblər ki, uyğurların fəaliyyəti nəticəsində Çinin Çexiyaya təzyiqi
artacaq. Bu sözlər bircə Praqanın meri Zdenek Qribjiyə aid deyil. O uyğurların
məhz Praqada qurultay keçirmələrini dəstəkləyib və Çexiya Xarici İşlər
Nazirliyi merə mane ola bilməyib. Bu o merdir ki, sovet marşalı Konevin
Praqanın mərkəzindən abidəsinin götürülməsini təmin etmiş və bu Rusiya-Çexiya
münasibətlərində əlavə gərginlik yaratmışdı. Bu həmin merdir ki, Tayvanla bağlı
Praqada tədbirin keçirilməsinə şərait yaratmış və buna görə Çinin Çexiyadakı səfiri
ilə düşmən olmuşdu. Yəni Praqanın hazırki meri nə Moskva, nə də Pekinin təzyiqlərindən
çəkinir. Bu mənada uyğurlara qurultay keçirməyinə əsas təşəbbüskarı da məhz
Praqanın meri olub.
Politoloqun sözlərinə görə, Çexiya ilə yanaşı ABŞ da uyğur probleminə diqqəti azaltmayıb:
"ABŞ-ın Holokost Memorial Muzeyinin Çində
uyğurlara qarşı törədilən repressiyalarla bağlı hesabatı yayımlanıb. Hesabat 59
səhifədən ibarətdir. Bu hesabatda Çin hökumətinin Sincan əyalətində yaşayan
milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. "Bizi
yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlananan
hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş
xarakter daşıdığı vurğulanıb.
Holokost Memorial Muzeyi hesabatında uyğurlara
qarşı törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yollarından
da bəhs olunub. Hesabat müəllifləri Çin hökumətinin əməllərini soyqırımı siyasətinə
bərabər tutublar və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur
qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti
addımlar atılmasına çağırıblar. İnsan haqları təşkilatları həmçinin Çinin müsəlman
azlığa qarşı qeyri-insani rəftarına görə 2022-ci ildə Pekində keçiriləcək Qış
Olimpiya Oyunlarını boykot etməyə çağırırlar.
Turan Rzayev