“Rusiya nə Azərbaycana, nə də Ermənistana güvənir...” – Xankəndi Moskvanın son ümididir

13:53 / 18.11.2021
1560
"Azərbaycan
böyük sülh sazişinin bağlanmasını istəyir və 3 məsələnin eyni müqavilədə
olmasında israr edir: kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi,
Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə
inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiqi”.
Sfera.az
xəbər verir ki, bu sözləri ReAL üzvü Natiq Cəfərli erməni silahlı qüvvələrinin
sərhəddəki təxribatları barədə şərhində qeyd edib.
"Ermənistan
istəyir ki, kommunikasiyalar açılsın, amma "Zəngəzur dəhlizi” sözü rəsmi sənədlərdə
təsbit edilməsin, ikinci, sərhədlər dəqiqləşdirilsin, amma 26 illik işğalın
yaratdığı reallıqlar da nəzərə alınsın, üçüncü, Xankəndi və ətrafında yaşayan
erməni icmasının statusu ayrıca danışıqlar mövzusu olsun, bu məsələ sülh
sazişinə salınmasın”, - ekspert bildirib.
N.Cəfərlinin
sözlərinə görə Rusiyanın istəyi bunlardır:
"1)
Kommunikasiyalar açılsın, öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən
dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirsin – Kreml üçün həmin
yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur, əsas odur ki, tez
açılsın;
2) Sərhədlərin
dəqiqləşdirilməsində də Kreml maraqlıdır, amma sərhədləri çəkəcək qələmin öz əlində
olmasını istəyir ki, hər iki ölkə onun bütün tələblərini yerinə yetirmək üçün
yarışsın;
3) Xankəndi
və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri
tutaraq Azərbaycanın başı üzərindən "Damokl qılıncını” əskik etməyərək rəsmi
Bakını nəzarətdən kənar addımlardan çəkindirmək – bunun üçün isə Xankəndi məsələsini
sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir.
Görünən
odur ki, kommunikasiya məsələsinin həlli hər 3 tərəfin marağındadır, deməli, ən
birinci bu məsələ həll oluna bilər – sadəcə, Azərbaycan və Ermənistan bu məsələdə
üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq.
Sərhədlərin
dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər – Rusiya bütün sərhədboyu öz
qoşunlarını yerləşdirəcək, Ermənistanda olan ordu sayını artıracaq, bununla da
İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq”.
Ekspertin
fikrincə, həm Ermənistan, həm də Rusiya Xankəndi və ətrafında yaşayan erməni
icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa
çalışır:
"Amma
Ermənistan və Rusiyanın Xankəndiyə baxışları fərqlidir – rəsmi İrəvan bu
problemi siyasi və iqtisadi olaraq tamamən öz üzərindən atmağa, Moskvaya yükləməyə
çalışır. 2022-ci ildə Ermənistan büdcəsinin az qala 10%-i, təqribən 290 mln.
dollar Xankədiyə verilməlidir. İrəvan bunu istəmir, xərci də, məsuliyyəti də
Moskvaya yükləməyə çalışaraq, bu məsələdən kənara çəkilməyi düşünür. Rusiya isə
nə Ermənistana, nə də Azərbaycana sonuna qədər güvənir, günün birində İrəvanla
Bakı anlaşa bilər, buna görə də öz "rusməramləlarının” Xankədi və ətrafında
qalmasını təmin etmək üçün bu gün de-fakto tanıdığı qondarma rejimi, elə bir vəziyyət
yarananda de-yure tanıya bilər və o qondarma rejimin "dəvəti”, erməni icmasının
"ricası” ilə daim orda qalmağı düşünür. Yəni, özləri üçün hüquqi baza
yaradırlar, Xankəndi və ətrafında yaşayan erməniləri iqtisadi və təhlükəsizlik
məsələsində özlərindən asılı vəziyyətə salırlar – bu gün Xankəndi və ətrafında
yaşayan ermənilərin böyük bir qismi Rusiyadan dolanır.
Xankəndi
məsələsində Kremlin və Bakının fikirlərinin heç vaxt üst-üstə düşməyəcək. Son
günlər sərhəddə baş verən toqquşmalarda 7 şəhidimiz, 10 yaralımız var - Allah şəhidlərimizə
rəhmət eləsin, yaralılara acil şəfalar nəsib etsin! Təəssüf ki, hətta sülh
sazişi imzalansa belə, hələ uzun müddət döyüşə tam hazır vəziyyətdə olmalı,
itkiləri gözə almalıyıq. Coğrafiyamız bizi İsrail kimi bir ölkə qurmağa məcbur
edir, bunu bacarmalıyıq, başqa yol yoxdur”.