İrəvan gərginliyi artırmaqla regiona yeni güclər cəlb etmək istəyir – Şərh

Siyasət
17:11 / 17.11.2021
1197
Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin
bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində ölkəmizə
qarşı törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın regionda sülhə,
sabitliyə başlıca əngəl olan tərəf olduğunu sübut etdi.
Görünür, Ermənistan rəhbərliyində yanlış bir təəssürat
formalaşıb ki, 44 günlük müharibədən sonra Azərbaycan arxayınlaşıb, müharibənin
bitdiyini düşünür. Elə məhz bu yanlış düşüncə genişmiqyaslı təxribat törətməklə
qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin
hücumunu iflasa uğratdı.
Ermənistan regiona digər qüvvələri gətimək istəyir!
Ermənistanın son təxribatları və Azərbaycanın
adekvat cavab tədbirləri sonrası prosesin alovlanması bir sualı yenidən
aktuallaşdırdı. Ermənistanın dövlət sərhədində gərginliyi artırmaqda məqsədi nədir?
Aydın məsələdir ki, Ermənistan hakimiyyəti 44
günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini
kompensasiya etmək və öz maraqları naminə regiona havadarı olan digər qüvvələri
cəlb etmək istəyir. Təsadüfi deyil ki, Ermənistan Rusiyanı şantaj etməyə də cəhd
göstərdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın
Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara
müraciət hüququnu özündə saxlaması barədə açıqlaması bunu bir daha sübut edir.
Yəni Ermənistan bu addımı ilə bir daha regionda yaranan yeni reallıqla barışmaq
istəmədiyini, həmin reallığı öz maraqları naminə formalaşdırmaq üçün alternativ
gücləri prosesə cəlb etmək niyyətində olduğunu açıq şəkildə bəyan etdi.
Prinsip etibarilə rəsmi İrəvanın bu mövqeyi
bizim üçün yeni deyil. Ermənistandan fərqli nəsə gözləmirdik də. Bu mənada Ermənistanın
bu və bu kimi cəhdlərinin heç bir effekti yoxdur. Rəsmi Bakı regionda Ermənistanı
hamıdan yaxşı tanıyır və İrəvanın atdığı addımları öncədən təxmin edir. Azərbaycan
beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər
istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum
həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb. Yəni indiki
halda rəsmi Bakının atacağı ən sərt addımlara görə belə heç bir beynəlxalq güc
Azərbaycanı iddiham edə bilməz.
Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti dəfə təxribat və avantüra törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı.
Turan Rzayev