Hollivud ulduzu cinsi istismara məruz qalıbmış - Bacısından ETİRAF

Hollivud ulduzu cinsi istismara məruz qalıbmış - Bacısından ETİRAF
Daha bir Hollivud ulduzunun cinsi istismara məruz qaldığı ortaya çıxıb.
 
Sfera.az bildirir ki, gənc yaşlarında əsrarəngiz şəkildə dünyasını dəyişən aktrisa Natali Vudun həmkarı Kirk Duqlas tərəfindən təcavüzə məruz qaldığı bəlli olub. Bu barədə aktrisanın bacısı Lana Vud "Balaca bacı” adlı xatirələr kitabında qeyd edib. Onun iddiasına görə, hadisə 1955-ci ilində yay aylarında "The Searchers” adlı filmin çəkilişləri zamanı baş verib.

Belə ki, Lana Vud anası Mariya Zaxarenkonun qızının karyera yolunda bəzi qapıları açmaq məqsədilə Natalini "Chateau Marmont” otelində aktyor Kirklə görüşdürdüyünü deyib. Həmin vaxtlarda 30 yaşlarında olan Duqlas "The Bad and Beautiful" kimi Hollivud filmləri ilə yüksələn ulduzlardan olub.  Lana hadisəni kitabında bu cür nəql edib:

"Natali otelə görüş üçün getsə də, bu, uzun çəkdi. O, maşına qayıdanda qapını çırpdı və oyandım. Çox pis görünürdü, dağınıq halda idi. Anamla pıçıldaşmağa başladılar. Nə dediklərini eşitmirdim. Bacıma pis bir şey olmuşdu”. 

Lana Vud anası və bacısının Kirki açıq şəkildə günahlandırmağın iş həyatına təsir edəcəyini düşündüklərini və susmağa qərar verdiklərini bildirib.  İllər sonra hadisəni bacısına danışan Natali "Məni incitdi, Lana” deyə cümlə qurub.

Qeyd edək ki, Kirk Duqlas 2020-ci ildə, 103 yaşında vəfat edib. Aktyor barədə daha əvvəl də cinsi istismar iddiaları yayılıb. Natali Vud isə 1981-ci ildə, 43 yaşında Kaliforniyadakı Katalina adasına qayıq səyahəti zamanı boğularaq dünyasını dəyişib. Ölüm səbəbi "qəza” olaraq qeydə alınsa da, 2012-ci ildə bu, "boğulma və digər bilinməyən səbəblər” olaraq dəyişdirilib. Həmin vaxt evli olduğu Robert Vaqner 2018-ci ildə polis tərəfindən "şübhəli” olaraq sorğulanıb. Vaqneri Natalinin ölümündə günahlandıranlardan biri də bacısı Lana Vud olub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR