Neftin qiymətinin ucuzlaşması ABŞ-ın enerji sektoruna mənfi təsir edib
Neftin qiymətinin ötən yanvar ayına kimi son 18 ayda 72 faiz ucuzlaşması ABŞ-ın enerji sektoruna mənfi təsir edib.
Təkcə 2015-ci ildə 70 şirkət iflas etdiyini açıqlayıb. Həmin şirkətlərin bəzilərinin 1 milyard dollardan çox borcunun olması isə bu sektorun yaşadığı çətinliyi göstərir.
AZƏRTAC xəbər verir ki, neftin qiymətinin son 6 ayda bahalaşmağa başlaması isə sektora müsbət təsir edib. Lakin ötən dövrdə itirilənləri kompensasiya etmək çox çətin görünür. Bunun səbəbi isə böhran dövründə işdən çıxarılan ixtisaslı işçilər və neft hasilatında istifadə edilən alətlərin boş qalmasıdır.
"IHS Energy” araşdırma şirkətinin qənaətinə görə, hazırda neft çıxarmaq üçün istifadə edilən alət və vasitələrin 70 faizi istifadə edilmir. Təkcə ötən il ABŞ-ın enerji sektorunda 94 min nəfər işsiz qalıb. Bu il isə təxminən 72 mindən çox işçinin işsiz qalacağı təxmin edilir. Bu da sektorda 60 faizlik bir iş kəsiri yaranacağına işarə edir.
Bu sahədə xidmət göstərən ən böyük şirkətlərdən biri olan "Schlumberger” əməliyyatlarını kiçik bir qrupla davam etdirmək məcburiyyətində qalanlar sırasındadır. "Schlumberger”in baş icraçı direktoru Pal Kibsqard "Wall Street Journal”a müsahibəsində deyib: "Hazırda bir çox neft çıxarma xidməti təqdim edən şirkətlər gəlirlərinin azalması və nağd pul vəsaitinin olmamasından əziyyət çəkir”.
ABŞ-dakı digər bir böyük neft çıxarma xidməti göstərən şirkətlərdən biri olan "Halliburton” isə bu böhranda təxminən 28 min 500 nəfəri işdən çıxarıb.