Putin-Paşinyan görüşündən dərhal sonra Ərdoğanın Bakı səfəri – Masada hansı məsələlər olacaq?

Putin-Paşinyan görüşündən dərhal sonra Ərdoğanın Bakı səfəri – Masada hansı məsələlər olacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.

Səfərin Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra planlaşdırılması Azərbaycanla Ermənistan arasındakı müəyyən mübahisəli məsələlərin masada olacağı ehtimalını yaradır.
 
Maraqlıdır, Ərdoğanın Azərbaycan səfəri özündə nəyi ehtiva edəcək?
 
Mövzunu Sfera.az-a şərh edən politoloq Əlimusa İbrahimov regionda baş verən son proseslərlə bağlı əməkdaşlığın gücləndiriləcəyini bildirib:
 
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da birgünlük Bakıya və Şuşaya səfəri diqqət mərkəzindədir. Bu barədə rəsmi məlumatlar az olsa da, səfərin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və regionda baş verən son hadisələrin iki ölkə prezidenti arasında müzakirə edilərək, düzgün nəticənin çıxarılması baxımından əhəmiyyətli olacağı gözlənilir. Xüsusən, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı müzakirə olunan məsələlər diqqət mərkəzində olacaq. Heç şübhəsiz, xüsusi kanallar vasitəsi ilə Putin-Paşinyan arasında gedən söhbətlər və əldə olunan razılaşmalar haqda hər iki prezidentdə yetərincə məlumat var. Azərbaycan və Türkiyə bu sahədə atılacaq addımların sinxronluğunu təmin etmək üçün səylərini gücləndirəcəklər”.
 
Politoloq ikitərəfli müzakirələrdə Zəngəzur dəhlizi və İran məsələsinin olacağını da vurğulayıb:
 
"Zəngəzur dəhlizinin açılması məsələsi də gündəlikdə olacaq. Azərbaycanla Türkiyə bu sahədə qarşıya çıxmış problemlərin birgə həlli üçün addımlar müəyyənləşdirəcək. İranın son dövrlərdə Azərbaycana qarşı tutduğu qərəzli mövqeyin də iki ölkə başçısı arasındakı danışıqların mövzusu olacağı gözlənilir. Hər iki prezidentin İranı daha konstruktiv mövqe tutmağa çağıran bəyanatlarının şahidi ola bilərik”.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR