“Azimport” rəhbərliyində təhqirə qarşı tələbat yaranıb? – REAKSİYA
Araz Məmmədov: "Qafqaz Xəbər Agentliyinin direktoru olaraq bildirirəm ki, onların bu narahatlığı hələ çox davam edəcək və arzuları ürəklərində qalacaq”
Qulaq gündə bir söz eşitməsə, kar olar. Hərdən elə xəbərlər eşidirik ki, mənasız və gülünc olsa da, bizi uzun-uzun düşünməyə vadar edir. Məsələn, dövlətə ziyan vuran, müxtəlif maxinasiyalarla sərvətini artıran bir məmur sonradan dar ayaqda dövlətə vurduğu ziyanı ödəyir və beləliklə də, məsələ unudulur. Sanki bu adam vaxtilə dövlətdən "subsidiya” alıb biznesə yatırıbmış, indi də o borcu geri qaytarır, alan razı, verən razı… Belə şeylərə dünyanın görkəmli filosofları, hətta iqtisadçıları belə şərh verməkdə çətinlik çəkər. Ona görə də, "gülünc və absurd şeylər barəsində çox düşünməyin özü də gülünc və absurddur”deyərək, üstündən keçirik. Bu günlərdə daha gülünc, daha absurd bir şey də eşitdim. Daha doğrusu, oxudum – "Azimport”un agentliyimiz nəzdindəki legion.az saytında çıxan yazıya reaksiyasını.
Həmin yazıda "Azimport”un Buzovnadakı üzləmə işlərindən danışılmış, Buzovna bələdiyyə sədri və şirkətin nümayəndəsi Xanlar Məmmədovdan da açıqlama alınıb oxuculara təqdim olunmuşdu. Özünüz bir düşünün, əgər bizim əməkdaşın "Azimport”la qərəzi olsaydı, niyə həmin şirkətin rəsmisiylə danışırdı və ya niyə o şirkətin rəsmisi telefon söhbəti zamanında demirdi ki, "siz reketsiniz, sizinlə danışmaq istəmirəm”?! Qəribədir, uzun müddət mətbuat səhifələrinin "ulduz”una çevrilmiş "Azimport” bizim Qafqaz Xəbər Agentliyini və onun nəzdindəki saytları reketlikdə ittiham edirmiş. Hələ ad çəkmədən, press-relizdə bu yaxında həbs olunan bir həmkarımızın başına gələnlərə də toxunulur. Həm də "təntənəli xatırlatma” verilir ki, "özünüzü yaxşı aparın”. Həmin həmkarımızın adını biz də çəkməyəcəyik. Lakin biz də təntənəli şəkildə "Azimport”a xatırlatma verəcəyik, bir zamanlar sizin sabiq rəhbəriniz həbs olunmuşdu, ofisinizdə yoxlamalar gedirdi, öz təbirinizlə desək, "təzyiq altında idiniz”. O günləri nə tez unutdunuz? Axı yıxılanı baltalamazlar!
Rəşad Məmmədovun "Azimport” sahibi olması haqqında virtualaz.org, Musavat.com, APA, echo.az, haqqin.az və bir çox saytlar yazmışdı. Amma nədənsə, "Azimport” rəhbərliyi "fürsət yaxalamış” kimi, müstəqil mətbuata olan bütün kinini-küdurətini Qafqaz Xəbər Agentliyinin üzərinə tökməyə çalışıb. Əvvəla bildirim ki, jurnalistə iradı elə bildirmirlər. Sizin ayda filan qədər maaş alan menecerlərinizdən biri zəng edib yumşaq tərzdə xahiş edə bilərdi ki, mətndə düzəliş edilsin. Lakin "Azimport” rəhbərliyindəki şəxslər bunu etmədilər, əksinə, ünvanımıza kobud və hədyan sözlər yazmağa girişdilər.
"Azimport”dakı başbilənlər məktubda ya savadsızlıqdan, ya da özlərinin ironiya istedadlarını yoxlamaq üçün, "Qafqaznews.az saytının legion.az-dan olan müxbiri” ifadəsini işlədiblər. Mədəni şəkildə xatırladaq ki, "Qafqaz Xəbər Agentliyi” MMC –nin nəzdində bir neçə sayt, qəzet və jurnal var, lakin hansısa sayt digər saytın nəzdində deyil. Bunu da keçək… "Azimport”un məktubundakı "İnternet reketi” ifadəsini şərh etməzdən əvvəl, soruşmaq istərdik: bir zamanlar mətbuata insanları evdən zorla köçürmək, qocaların və qadınların göz yaşına baxmamaq, işçilərin pulunu kəsmək, əmlakını zəbt edib pulunu verməmək kimi, haqqınızda cürbəcür ittihamları da bizim saytların əməkdaşları yaymışdı? Bəlkə, hansısa əməkdaşımız gəlib ofisinizin qarşısında durub "vaxtında pul çatdırmağı” tələb edib?
Açıq-aşkar hiss olunur ki, bu məktubda ancaq aqressiya yox, həm də eyforiya var. Olmaya, ölkə mətbuatında soyadı Məmmədov-Martirosov kimi hallandırılan Rəşad Məmmədovun azadlığa çıxmasından sonra, "Azimport” rəhbərliyində bir ürəklənmə, ya da əks-hücum maniyası yaranıb?! İndi hörmətli Rəşad Məmmədov susdura bildiyini susduracaq, susdura bilmədiyinə isə "reket” damğası vuracaq? Heç şübhəsiz ki, burda qisas elementləri də var. Bu ilin fevral ayında Qafqaznews.az saytında tanınmış hüquqşünas Ramiz Zeynalovun Rəşad Məmmədov və Azər Əsgərov haqqında açıqlamasını dərc etmişdik. Bu yazı mətbuatda və sosial şəbəkələrdə geniş yayılmış, hətta öyrəndiyimizə görə, bundan sonra Azər Əsgərov Ramiz Zeynalovu məhkəməyə vermişdi.
Bizi birbaşa məhkəməyə verə bilməzdilər, çünki həmin məqalə yazılan zaman peşəkarlığa diqqət yetirilmiş, yalnız müsahibin fikirləri işıqlandırılmışdı. Belə olduğu halda, "Azimport”un bizim agentliyə niyə bu qədər qəzəbli olduğunu anlamaq çətin deyil. Bəlkə, Azər Əsgərov və Rəşad Məmmədov bizi təhrik edib ona qarşı təhqiramiz ifadələrə yer verməyimizi arzu edirlər?
"Öyrəşgəlikdən yaranan tələbat” deyə bir şey var. Uzun müddət təhqir olunmağa alışan şəxs qəfildən mədəni insanların arasına düşəndə özünü necə narahat hiss edirsə, mən də daim tənqidlərlə üzləşən "Azimport”un məktubunda bu cür narahatlıq hiss elədim. Qafqaz Xəbər Agentliyinin direktoru olaraq bildirirəm ki, onların bu narahatlığı hələ çox davam edəcək və arzuları ürəklərində qalacaq. Əşşi, daha nə deyim… Sizi aləm tanıyır, məşhur "Azimport”!
Sfera.az