Masallıda müəllimlər kütləvi işdən çıxarıla bilər
20:45 / 07.07.2016
912
Masallı rayonunda bir qrup müəllimlə təhsil şöbəsinin rəhbərliyi arasında narazılıq olduğu bildirilir.
Bu barədə Masallı rayonundan adlarının çəkilməsini
istəməyən müəllimlər danışıblar. Onların deməsinə görə, narazılığa səbəb rayon
təhsil şöbəsinin müdir əvəzi Tariyel Əkbərovun direktorlara müəllimlərlə
bağlanan müqavilələrin pozulmasına dair göstəriş verməsidir. Müəllimlərin
bildirməsinə görə, müdir əvəzi direktorlara müqavilələrin qanunvericiliyə uyğun
bağlanmadığını söyləyib.
Bu məsələdə söhbətin onlarla müəllimin
taleyindən getdiyi qeyd edilir.
«Əvvəl müəllimlərdən tələb etdilər ki, işdən
çıxmaları ilə bağlı ərizə yazsınlar. Müəllimlər bunu etmədilər, bundan sonra
isə təhsil şöbəsi müəllimlərin işdən azad edilmələrinə nail olmaq üçün
direktorlara təzyiqlərə başladı», - deyə şikayətçilərdən biri bildirib.
Həmin şikayətçinin deməsinə görə, əsasən də
2011-2012-ci illərdə məktəblərə qəbul edilmiş müəllimlərlə müqaviləni pozmaq
istəyirlər.
«Müəllimlərin çoxunun krediti var»
«Əgər bizim məktəblərə müəllim kimi qəbul
edilməyimiz, bağlanan müqavilələr qanunvericiliyə uyğun deyildisə, o zaman bu
haqda niyə danışmırdılar?», - müəllimlərdən biri sual edib.
Şikayətçilər deyiblər ki, onlar müəllim kimi
fəaliyyət göstərməkdən ötrü müasir təhsilin tələb etdiyi testlərdən və
yoxlamalardan keçiblər.
«Təsəvvür edin, müəllimlərin çoxunun krediti
var. Kimi oğul-qız evləndirməyə hazırlaşır, kimi hansısa problemlərini həll
etmək istəyir»,-deyə bir başqa müəllim vurğulayıb.
Müəllimlər üstəlik, deyiblər ki, hələ də,
məzuniyyət pullarını ala bilməyiblər: «Ramazan bayramı qurtarsın, yəqin ki,
haqlarımızı qorumaq üçün məhkəmələrə üz tutacağıq».
Qanunu pozan direktorlar işdən çıxarılacaq
Masallı rayon təhsil şöbəsinin müdir əvəzi
Tariyel Əkbərov isə deyir ki, həmin müəllimlər işə qəbul edilən zaman əmək
qanunvericiliyinin tələbələri pozulub. Müdir əvəzinin fikrincə, müəllimlərin
işə qəbulu ilə bağlı direktorların müddətsiz müqavilə imzalaması
qanunsuzluqdur. T.Əkbərov belə qanunsuzluqlara yol verən məktəb direktorlarının
işdən azad ediləcəyini də söyləyib. Amma T.Əkbərov bu məsələdə müəllimlərin
günahının nədən ibarət olması ilə bağlı verilən sualı cavablandırmayıb.