"Müstəqillik seçiminin və coğrafiyamızın reallığı belədir ki..."
Müsahibə
18:43 / 05.10.2021
1518
"Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü və siyasi baxımdan müstəqil olmayıb".
Sfera.az xəbər verir ki, bunu Moderator.az-a müsahibəsində Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
- Son on gündə Prezident İlham Əliyev region dövlətlərinin və Qərb ölkələrinin nüfuzlu media qurumlarına müsahibələr verdi. Dövlət başçısının media mənsubları ilə indiki intensiv ünsiyyəti Vətən müharibəsindən əvvəl və müharibə dövründə Prezidentin informasiya savaşında nümayiş etdirdiyi fəallığı sanki yada salır. Bu, hansısa təhlükənin ciddiliyindən irəli gələ bilərmi?
- Əvvəla, 14 kəndimizin, eləcə də Suqovuşanın və Cəbrayılın işğaldan azad edildiyi tarixdən bir il ötür. Bu həm də o deməkdir ki, təqvimdəki qara günlərin, işğal tarixlərinin üzərindən artıq çalın-çarpaz xətt çəkilib və onlar tarixin zibilliyinə atılıb. İndi bizi sevindirən tarixlər Ermənistan təqviminin qara günləridir.İkincisi, ölkəmizin hansı coğrafiyada yerləşdiyini və kimlərlə qonşu olduğumuzu unutmamalıyıq. Unutmamalıyıq ki, iqtisadi və hərbi gücü hesabına torpaqlarımızın işğaldan azad edilməsinə nail olan Azərbaycan gerçəkliyi bəzilərini rahat buraxmır. Kimlərsə Azərbaycanı bundan sonra da parçalanmış, torpaqlarını viran edilmiş vəziyyətdə görmək arzusunda idi. Artıq o da sirr deyil ki, 30 il boyunca münaqişənin dinc, danışıqlar yolu ilə həll edilməsi öhdəliyini üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti səmərəsiz oldu. Onlardan bəzilərinin həqiqi niyyəti ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə əməl etmək deyil, separatçı rejimə və qondarma quruma statusun verilməsini təmin etmək idi. Bu illər ərzində onun da şahidi olduq ki, Qərbin hətta ən inkişaf etmiş ölkələrindən bəziləri süni şəkildə uydurduqları islamofobiya və türkofobiya xofundan əziyyət çəkirlər. Gördük ki, belələrinə sərf edəndə, ən təhlükəli cinayəti ifadə edən terror sözünün önünə islam kəlməsini əlavə etməkdən çəkinmir, siyasi maraqları tələb etdikdə bu cür sözbirləşməsindən yararlanmağa çalışırlar. Amma ASALA -ermənilər tərəfindən törədilən çoxsaylı terror cinayətlərindən söz düşəndə, onların nə milli, nə də dini mənsubiyyəti yada düşmür. Əslində, heç yada düşməməlidir, terrorçunun milliyyəti və dini baxışları deyil, törətdiyi əməlin ictimai təhlükəlilik səviyyəsi qınanmalıdır. lakin bu qaydanın tətbiqində indiyə qədər gördüyümüz ayrı-seçkiliyə də yol verilməməlidir. Ən acınacaqlısı odur ki, qonşu və müsəlman İranın bəzi rəsmiləri Azərbaycanın qələbəsindən sonra elə anlaşılmaz bəyanatlar verirlər ki, tarixi və dini irsimizi məhv edən, məscidlərimizi və məzarlarımızı təhqir etməkdən zövq alan işğalçı Ermənistanın məğlubiyyəti sanki onları məyus edib. Ümid edək ki, Prezident İlham Əliyevin qardaş Türkiyənin Anadolu Agentliyinə müsahibəsi zamanı səsləndirdiyi bu bəyanat İran rəhbərliyi tərəfindən adekvat qarşılanacaq: "Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”. Bununla yanaşı, unutmamalıyıq ki, bugünkü güclü və müstəqil Azərbaycan faktoru bəzilərini həmişə narahat edəcək. Heç kim şübhə etməsin ki, torpaqlarını düşmən tapdağından təkbaşına azad edən Azərbaycan getdikcə daha da güclənəcək və müstəqillik seçiminə sadiq qalacaq. Bu isə o deməkdir ki, informasiya savaşı, təbliğat və əks-təbliğat səngiməyəcək. Güclü və müstəqil dövlət seçimimizin, ən başlıcası, yerləşdiyimiz tarixi coğrafiyanın reallığı belədir. Ermənistan kimi yalnız sözdə müstəqil olan, əslində isə alət olmağa vərdiş etmiş ölkələrə ağalıq etmək arzusunda olanlar həmişə çox olub. İndi də həmin alət uğrunda region ölkələrinin və bəzi Qərb dövlətlərinin apardıqları siyasi oyunların şahidiyik.
- Ülvi müəllim, göründüyü kimi, Minsk qrupunun həmsədrləri yenidən fəallaşıblar və onların statusla bağlı gündəliyi dəyişməyib. Ərazi bütövlüyünün toxunulmazlığı kimi beynəlxalq prinsipi tanıdıqlarını bəyan edənlər separatçı rejimə status verilməsi təşəbbüsü ilə çıxış edirlər. Sizcə, bu cür məntiqsiz yanaşmanın kökündə nə dayanır?
- Altını cızdığınız ziddiyyətin nə məntiqi, nə də beynəlxalq hüquqa və tarixi ədalətə söykənən heç bir izahı yoxdur və olmayıb. Müharibədən sonra həmsədr ölkələrin nümayəndələri öz istəkləri ilə Bakıya səfər etmişdilər. Prezident İlham Əliyev o zaman onlara çatdırdı ki, Azərbaycan vasitəçilərin səmərəsiz fəaliyyəti ucbatından BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini özü yerinə yetirmək məcburiyyətində qaldı və BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdi. Dövlətimizin başçısı son on gündə BMT-nin 76-cı sessiyası çərçivəsində çıxışı zamanı, Rusiyanın "Nasionalnaya oborona” jurnalına, qardaş Türkiyənin Anadolu Agentliyinə, "France-24” televiziya kanalına, İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibələrdə və sentyabrın 27-si- Anım Günündə xalqımıza müraciətində status mövzusunu diriltməyə çalışanlara növbəti mesajını göndərdi: "Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə "Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!”. Bu, xalqımızın yekdil iradəsini ifadə edən, bəyanatında beynəlxalq-hüquq normalarına və tarixi ədalətə söykənən Azərbaycan Prezidentinin mövqeyidir. Dövlətimizin başçısı EFE informasiya agentliyinə müsahibəsində bu mövqenin heç bir təsir və təzyiq altında dəyişməyəcəyini açıq şəkildə bəyan etdi: ”Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”. Prezident İlham Əliyev həmin müsahibədə diqqəti həm də ona çəkdi ki, qələbədən sonra bölgədə yaranan yeni reallıq Azərbaycan və Ermənistan arasındakı gündəliyi tamamilə dəyişib. Bura sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və ermənilər tərəfindən viran qoyulmuş ərazilərimizin inkişafı məsələləri daxildir. Dövlətimizin başçısı məhz bu məsələlərin həllində Avropa İttifaqının iştirak edə biləcəyini və Ermənistandan fərqli olaraq, ölkəmizin buna müsbət yanaşdığını xüsusi vurğuladı. Zənnimcə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsində həqiqətən maraqlı olanlar ölmüş status məsələsini diriltməyə mənasız vaxt sərf etmək əvəzinə, yeni gündəliyin həllində real iştirak imkanlarını nəzərdən keçirsəydilər, ədalətə xidmət göstərə bilərdilər. Təəssüf ki, son 28 il ərzində həmsədrlərin fəaliyyətində olduğu kimi, Avropa İttifaqının bəzi yanaşmasında da ayrı-seçkilik önə çıxır. Yaşayış məskənləri, kommunikasiya qovşaqları, nəqliyyat infrastrukturu, tarixi, mədəni və dini irsi məhv edilən, on milyardlarla ziyan vurulan Azərbaycan olduğu halda, bu vəhşiliyi törədən Ermənistana 2.6 milyard avro həcmində iqtisadi yardım paketi təklif olunur. Ölkəmizə gəldikdə isə, edilən təklif bundan on dəfələrlə azdır. Əgər zamanında işğalçı ilə işğala məruz qalan arasında ədalətsiz şəkildə bərabərlik işarəsi qoyulurdusa, indi nəinki bərabərliyə əməl olunmur, əksinə, Qarabağı başdan-ayağa dağıntıya məruz qoyan Ermənistana yardım əli uzadılır. Təəssüf ki, ayrı-seçkiliyin, ədalətsiz yanaşmanın növbəti təzahürü ilə üz-üzəyik.
- Bəlkə, məlum fobiyalar üzündən aşırı erməni təəssübkeşliyinə, bəzən də erməni sevgisinə yoluxanlar görəndə ki, Azərbaycan öz daxili imkanları hesabına Qarabağın yenidən qurulmasına 1.3 milyard ABŞ dolları həcmində vəsaiti artıq yatırıb, hesab edirlər ki, ölkəmizin köməyə ehtiyacı yoxdur?
- İstər-istəməz, sualınız analogiya üçün əsas verir. 28 il ərzində vasitəçilər Ermənistanı haqq yoluna qaytarmadılar, əksinə, onun status-kvonun saxlanılmasına xidmət edən imitasiya oyunlarına göz yumdular. Nəticədə, Ermənistanın bütün siyasi-hərbi hakimiyyətləri bunu yürütdükləri işğal siyasətinin təqdiri və təşviqi kimi qiymətləndirdilər. İndi isə Qərbdə bəziləri elə düşünür ki, maliyyə dəstəyi bahasına, böyük pullar hesabına Ermənistanı Rusiyanın təsirindən çıxara bilərlər. Lakin qəbul etmək istəmirlər ki, erməni toplumu özü haqqında uydurduğu mifə özünü o dərəcədə inandırıb ki, bu, artıq ictimai psixoz həddinə gəlib çatıb. Erməni toplumunda bir çoxu hələ də belə düşünür ki, guya dünyanı yaradan elə onların "ən qədim” millətidir və buna görə də hamı erməniyə borcludur. Əslində, köçəri və Qafqaza gətirilmiş tayfa olduqlarının izlərini ciddi-cəhdlə tarixdən silməyə, özləri də bu həqiqəti unutmağa calışırlar. Əgər son parlament seçkilərinin nəticəsinə görə Sarkisyan və Köçəryan kimi Xocalı cəlladları Ermənistanın siyasi arenasında qala biliblərsə, bu, o deməkdir ki, erməni cəmiyyəti əsrlik xəstəliyindən hələ sağalmayıb və müharibə canilərinə dəstək verməklə revanş niyyətini gizlətmir. Avropa İttifaqına daxil olan bəzi ölkələr onu da gözardı edirlər ki, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası təsbit olunur. Qarabağı viran qoyan və hələ də qonşularına qarşı ərazi iddiası ilə yaşayan Ermənistana güzəştli şərtlərlə iqtisadi yardım göstərməyi planlaşdıranlar özləri-özlərini aldadırlar.Nəzərə almırlar ki, bu köməklik Ermənistanda bir çoxları tərəfindən aqressiyanın və əsassız iddiaların təşviqi kimi başa düşülür. On il ərzində əlini sıxdıqları Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan öz adından və soyadından imtina edərək Serj Sarqsyana çevrilsə də, xisləti və mahiyyəti, həyata baxışları dəyişməyib və belələri erməni toplumunda kifayət qədərdir.Yəqin, Qərbdə bəziləri bu həqiqəti də bilmirlər, ya da onu görmək istəmirlər. Bəlkə elə bu səbəbdən nəzərə almırlar ki, Serjik kimi buqələmunların az olmadığı Ermənistanın ipinin üstünə odun yığmaları növbəti səhvləridir.Təəssüf ki, həmin səhvi müsəlman İranın bəzi rəsmiləri də təkrarlayır. İran sanki Ermənistanın İsraildəki səfirlik binasını görmür, amma işğaldan azad edilən Qarabağda İsrail izi axtarır.
Prezident İlham Əliyev oktyabrın 4-də, Cəbrayılın yenidən azadlığa qovuşmasının bir ilinin tamamında, Arazın bu tayında İsrail "HAROP”u ilə fotosunu paylaşdı. Dini-dinimizdən, dili-dilimizdən olmayan İsrail istehsallı bu silahlar işğalçı Ermənistan üzərində qələbəmizə xidmət göstərdi. Dindaşımız olan İrandan isə separatçıların qaldığı əraziyə keçən yük avtomobillərinin nəqliyyat qaiməsində "Stepanakert, Ermənistan” yazılır. Əgər İran rəsmilərinin nöqteyi-nəzərinə görə bu, Azərbaycanla mehriban qonşuluğa işarədirsə, bəs görəsən, qeyri-dost və ya düşmən münasibəti dedikdə, onlarda nə başa düşülür? Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərkən həm qonşularımıza, həm də dünya dövlətlərinə ciddi mesaj göndərdi: "Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın...Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?!”.
Müharibədən ötən on bir ay ərzində ölkəmiz ermənilərin viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işlərinə başlayıb, özü də daxili imkanlarımız hesabına, heç kimdən kömək almadan. Zəfər yolu və Füzuli Beynəlxalq Hava Limanı rəsmi açılışa artıq hazırdır. Bir tərəfdən, ərazilər erməni minalarından təmizlənir, digər tərəfdən, tunellər,yollar və elektrik xətləri çəkilir, şəhər və kəndlərimizin təməli yenidən qoyulur. Prezidentimiz oktyabrın 3-də Suqovuşan qəsəbəsində və Talış kəndində dövlət bayrağımızı ucaltdı, yenidənqurmadan sonra iki su elektrik stansiyasının açılışını etdi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Prezident Sərəncamına əsasən, oktyabrın 4-də Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, "KamazAZ” ASC ilə "Çəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli atıldı. Dövlətimizin başçısı Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, "Cəbrayıl” yarımstansiyasının açılışında iştirak etdi, Cəbrayıl şəhərinin bərpasının və Memorial Kompleksinin təməl daşını qoydu. Bütün bunlar Qarabağda və Şərqi Zəngəzurda başlamış yenidənqurma və bərpa işlərinin kiçik bir hissəsidir. Əgər Ümummilli Lider Heydər Əliyev tərəfindən, qonşu ölkələrdən bəzilərinin, eləcə də ayrı-ayrı nüfuzlu Qərb dairələrinin təzyiq və maneələrinə baxmayaraq, 27 il bundan əvvəl XX əsrin ən böyük neft Kontraktı imzalanmasaydı və bununla ölkəmizin iqtisadi inkişaf strategiyasının təməli qoyulmasaydı, son 18 ildə isə Prezident İlham Əliyev tərəfindən həmin strategiya bugünkü səviyyəyə qaldırılmasaydı, heç şübhəsiz, bütün bunlar mümkün olmazdı. Lakin bu, o demək deyil ki, son 28 il ərzində üzləşdiyimiz ayrı-seçkilik və çoxüzlü standartlar siyasətinə səbrli yanaşmamız kimlərdəsə arxayınçılıq yaratmalıdır. O cür siyasətin davam etdirilməsi ilə Azərbaycan cəmiyyəti bundan sonra barışmayacaq. Əminliklə deyirəm ki, artıq Qərbdə də bu reallığı görürlər və bilirlər.
- Sonda bir daha bəzi İran rəsmilərinin əndazəni aşan, bəzən təhdid və hədə səviyyəsinə keçən açıqlama və davranışlarına dönmək istəyirəm. İran niyə belə edir?
- Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü və siyasi baxımdan müstəqil olmayıb. Tarix boyunca xanlıqlar və məlikliklər arasında gedən didişmələr Azərbaycanın möhkəmlənməsinə imkan vermirdi. Sovetlər dönəmində sosialist respublikaların müstəqilliyi anlayışı uydurmadan, aldadıcı görüntüdən-butaforiyadan başqa bir şey deyildi. Azərbaycan neftini xaricə Moskva satırdı, kvotaları Kreml müəyyən edirdi. Ölkəmizin əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olsa da, bugünkü Azərbaycan dini dəyərlərlə bəşəri dəyərlərin sivil qaydada uzlaşdırıldığı, tolerantlığın və multikulturalizmin həyat tərzinə çevrildiyi, fərqli din daşıyıcılarının və konfessiyaların qarşılıqlı hörmət əsasında birlikdə yaşadığı nadir məkanlardan biridir. Kimlərsə bu düzəni pozmaq üçün çox çalışıblar, dəridən-qabıqdan çıxıblar, lakin cəhdləri uğursuz olub və bundan sonra da səyləri heç bir nəticə verməyəcək. Azərbaycan modeli Qərb və dünya sivilizasiyası üçün təkrarolunmaz nümunə və örnəkdir. İran uzun illərdir ki, Qərbin sanksiyaları altında yaşamağa məcburdur, üstəlik, əksər ərəb-müsəlman ölkələri ilə münasibətləri gərgin olaraq qalmaqdadır. Prezident İlham Əliyevin xarici siyasət prioritetləri ondan ibarətdir ki, istər qonşu, istərsə də dünya dövlətləri ilə, xüsusən Qərblə bərabərhüquqlu və qarşılıqlı etimada söykənən münasibətlər qurulsun. Son 18 ildə, məlum fobiya və çətinliklərə baxmayaraq, bu siyasət müsbət nəticələrini verməkdədir. Çünki Azərbaycan müttəfiq və dost seçimində sərbəstdir. Tarixi Şuşa və Bakı Bəyannamələri regional sülhə və təhlükəsizliyə xidmət etdiyi qədər, Azərbaycanın gücünə güc qatır. Ən başlıcası, bu müttəfiqlik platforması kimlərəsə qarşı yönəlməyib, əksinə, özünümüdafiəyə hesablanıb. Məscidlərimizi yerlə yeksan edən, dini abidələrimizi və məzarlarımızı təhqirə məruz qoyan Ermənistan kimlər üçünsə, o cümlədən İran İslam Respublikası üçün qardaş və dost ölkə hesab edilirsə, bu da onların suveren hüququdur. Lakin Ermənistanın Qarabağda törətdiyi vandallıq aktları təkcə Azərbaycana qarşı deyil, bütövlükdə müsəlman dünyasına və dünya sivilizasiyasına təhqirdir. Çünki Ermənistan öz cinayətləri ilə müsəlmanların dini dəyərlərini tapdaladığı kimi, bəşəri dəyərləri də ayaqlayıb. Hansı inanca aidiyyatından asılı olmayaraq, dini dəyərlərə həqarət etmiş Ermənistan müsəlman İranı üçün dost və qardaş hesab edilirsə, bu, dini dəyərlərlə siyasi maraqlar arasında seçim edilərkən ikinciyə üstünlük verilməsi deməkdir. Belə ziddiyyətlərin önə çıxdığı münasibətlərdə səmimiyyət axtarmaq yersizdir və bu, təkcə İran-Ermənistan münasibətlərinə aid deyil. Əminəm ki, çoxmillətli İran əhalisi də bu ziddiyyətləri görür və dərk edir. Ona da şübhə etmirəm ki, İran rəsmiləri və ziyalıları arasında bu həqiqəti görüb duyanlar az deyil.
Mövcud reallığı daha dəqiq dəyərləndirə bilməyimiz üçün, Prezident İlham Əliyevin Arazın bu tayında, Cəbrayılda səsləndirdiyi növbəti açıqlamaya daha həssas yanaşmağımız labüddür: " Bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası başlayıb. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik...Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”.