Yaşlı xanımın sağlam ayağını kəsən həkim və klinika rəhbəri işdən çıxarıldı!
Cəmiyyət
20:50 / 04.07.2016
855
Bu gün Səhiyyə Nazirliyinin Kollegiya iclasında Səhiyyə
Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində ötən ayın 26-da vətəndaş Məmmədova
Tərlan Həsən qızının cərrahiyyə əməliyyatının aparılması zamanı baş vermiş
hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib.
Səhiyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirin sərəncamına
əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət komissiya tərəfindən
araşdırılıb. Komissiyada vurğulanıb ki, aparılmış kliniki və patohistoloji
müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya,
arteriyaların stenozu və okklüziyası baş verib. Lakin sol ayaq pəncəsində
prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq iyunun
23-də mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin
iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının
budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.
Buna baxmayaraq, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları
Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən
sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya
edilib.
Kollegiyanın qərarına əsasən Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin
həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə
Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna
sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin
direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni
zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi
şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə
funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.
Mətbuat xidməti Angioloji Mərkəzin direktoru vəzifəsinnin müvəqqəti olaraq Eyubov
Yunis Şaiq oğluna həvalə olunmasını təsdiqləyib.
Məlumatda bildirilir ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda
da ictimaiyyətə açıqlama veriləcək.
Qafqaz.info //
Sfera.az