Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir? – Lukaşenko Soçiyə təsadüfən gəlib?

Siyasət
12:56 / 28.09.2021
1255
Rusiya
Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Ərdoğan arasında Soçidə
baş tutacaq görüş öncəsi Belarus Prezidenti Aleksandr Lukaşenko da Soçiyə gəlib.
Lukaşenkonun səfəri özəl xarakter daşısa da onun Soçidəki istirahət evinə dincəlmək
üçün gəldiyi vaxtın Soçi görüşü öncəsinə təsadüf etməsi diqqət çəkir.
Qeyd edək
ki, Prezident İlham Əliyevin Soçi görüşündən gözləntiləri böyükdür. Təsadüfi
deyil ki, görüş öncəsi prezident Rusiya və Qarabağda fəaliyyət göstərən Rusiya
sülhməramlıları ilə bağlı müsbət mesajlar verdi. Xüsusilə, ölkə başçısının dünən
Anım Günü ilə bağlı Rusiya və Türkiyə mediasına verdiyi müsahibələr də sülhməramlılarla
bağlı bənzər fikirləri səsləndirməsi onun görüş öncəsi Kremlə münasibətləri gərginləşdirmək
istəmədiyini göstərir.
Aydın məsələdir
ki, Soçi görüşü zamanı Ərdoğan və Putinin müzakirə edəcəyi başlıca mövzulardan
biri Qarabağ məsələsi olacaq. Düzdür, Rusiya xarici işlər naziri Sergey Lavrov
Soçidə baş tutacaq görüşdə tərəflərin Suriyadakı terrorçular və müxaliflərin sərhədinin
müəyyən edilməsi məsələsini müzakirə edəcəyini bildirsə də Ərdoğanın Qarabağ məsələsini
israrla müzakirəyə daxil edəcəyi sirr deyil. Ərdoğanın dünən 44 günlük müharibənin
başlanmasının ildönümü münasibətilə Prezident İlham Əliyevə zəng etməsi də bunu
bir daha təsdiqləyir.
Ümumiyyətlə,
rəsmi Bakı və Ankara arasında siyasi məsləhətləşmələrin olması artıq adi bir
hala çevrilib. Tərəflər vaxtaşırı telefon zəngi ilə və ya birbaşa görüşərək
regionda baş verən prosesləri müzakirə edir, birlikdə atılacaq addımları müəyyən
edərək veriləcək qərarların detallarını müzakirə edirlər. Bu mənada deyə bilərik
ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısına telefon zəngi təkcə
44 günlük müharibənin Anım Günü ilə əlaqəli deyil, həm də Soçi görüşü öncəsi
son məsləhətləşmədir.
Bundan əlavə, son illərdə Lukaşenko-Ərdoğan dialoqu da inkişaf etməkdədir. Düşünürəm, Lukaşenko Soçi görüşünə qatılmasa da görüş öncəsi Əliyevin istəyi ilə Putinlə danışa, müəyyən mənada onun düşüncələrini öyrənə bilər. Lukaşenkonun Soçi görüşü öncəsi Ərdoğanla qeyri-rəsmi telefon danışığı etməsi də mümkündür. Nəticə etibarilə Soçi görüşündə Qafqazla bağlı qərar qəbul edilsə, burada Lukaşenkonun vasitəçiliyi və təmasları oldquca müstəsna olacaq.
İndiki halda Lukaşenkonun Türkiyə və Azərbaycana yaxınlaşması da təsadüfi deyil, ölkə rəhbərləri arasında dostluqdan əlavə Belarusun ciddi ölçüdə maliyyə yardımına ehtiyacı var. Lukaşenko anlayır ki, ölkə iqtisadiyyatını və rifahını yaxşılaşdıra bilsə, bu ona qarşı günü-gündən artan narazı kütləni az da olsa neytrallaşdıra bilər. Buna görə də Belarus prezidenti müəyyən mənada Ankara və Bakının maraqlarını öz maraqları olaraq görür.
Turan
Rzayev