“Vaşinqton Bakıya təkliflərini Ankara vasitəsilə göndərir” - MÜSAHİBƏ
11:24 / 24.09.2021
1255
Siyasi
şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi.
-
Asif bəy, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşlərdən
ikisi xüsusilə diqqət çəkdi. Söhbət Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramovun Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə
müavini Viktoriya Nuland ilə görüşü və Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündən gedir. Sizcə, bu iki
görüş arasında hansısa əlaqə varmı?
-
Bəli var. Çünki Nyu-Yorkda Blinken-Çavuşoğlu, Bayramov-Nuland görüşlərində Qarabağ
məsələsi müzakirə olundu. Məsələ ondadır ki, Vaşinqton Minsk qrupu mexanizmlərindən
istifadə etmək istəyir. Təsadüfi deyil ki, Nuland Bayramovla görüş haqda atdığı
tvitdə qeyd edib ki, ABŞ Minsk qrupu həmsədrlərinin mexanizmləri vasitəsilə
regionda sülh və sabitliyə yardım etmək istəyir. Saxlanılan şəxslərin (erməni
terrorçular) azad edilməsi və minalardan təmizləmə işində irəliləyiş istəyir.
Siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyir. Mənə elə gəlir ki, Minsk qrupu
formatında yeni masanın qurulması Azərbaycanın da "qırmızı xəttidir”.
-
Bunu necə izah edərdiniz?
-
Bakı həmsədr ölkələrə postmünaqişə dövrünə köklənməyi, Azərbaycan-Ermənistan
münasibətlərinin qurulmasına və humanitar məsələlərə dəstək verməyi təklif
edir. Bayramovun Nulandla müzakirələrdə bu məsələni diqqətə çatdırdığı istisna
deyil. ABŞ-dan fərqli olaraq, Azərbaycan XİN-in görüşlə bağlı məlumatında Minsk
qrupunun adının yer almaması, "tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli
bəyanatın icrası ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparıblar” qeydi
də bunu deməyə əsas verir.
Bakı
Vaşinqtona postmünaqişə dövründə işləmək təklifi edir və Nulandın açıqlamasında
iki məqam da Vaşinqtonun postmünaqişə dövrü ilə bağlı mesajı hesab oluna bilər. Minsk
qrupu formatı ABŞ-a münaqişənin həllində iştirak etməməklə regionda zərər
görmüş təsir imkanlarını bərpa etmək üçün daha çox təzyiq elementi kimi
lazımdır. Hədəf prosesi Rusiyanın nəzarətindən çıxarmaq, yaxud Rusiyanın təsirini
azaltmaqdır. Hərçənd anlayır ki, bu format üzərində israrlı olmaq Bakının
Moskvaya yaxınlaşmasına zəmin yaradır. Bu baxımdan, Azərbaycanın mövqeyinə
uyğun olaraq postmünaqişə dövrünə dair mesajlar verir.
-
Asif bəy, dediklərinizdən bu nəticəyə gəlmək olar ki, rəsmi Vaşinqtonun əsas
niyyəti Minsk qrupunu yenidən bərpa etmək yox, tərəflər arasında vasitəçi olmaq
istəyidir?
Misal üçün, sərhədlərin delimitasiyasında iştirak: bunun mütəxəssis dəstəyi olması daha real görünür. Bundan başqa Bakıda həbsdə olan ermənilərlə mina xəritələrinin barter edilməsi də təkliflər arasında ola bilər. İki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı təklif isə heç kəsə sirr deyil.
Bununla
belə "Qarabağ münaqişəsi”nin yenidən masaya daşına biləcəyi təklifini Bakı qəbul
etməyəcək, bunu Vaşinqton da anlayır. bu məsələdə Bakının mövqeyini gücləndirəcək
iki ölkə də var. Rusiya və Türkiyə.
Türkiyəyə
gəldikdə isə deyə bilərm ki, Vaşinqton Bakıya təkliflərini Ankara vasitəsilə
göndərir və Ankara Bakının maraqlarına uyğun olmayan məsələdə yer almayacaq.
Bunun
fonunda Rusiya XİN rəhbərinin müavini Andrey Rudenkonun açıqlaması diqqət çəkir.
Rudenko bildirir ki, üç həmsədr Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində
bir-biri ilə, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə
görüşməyi planlaşdırır. Bu baş verərsə, iki ölkə arasında normallaşma
prosesinin praktiki forma alması üçün yaxşı əlamət olardı. Minsk qrupunu sülh
prosesinin irəliləməsi üçün vacib bir vasitə olaraq görməyə davam edirik.