“Heç kəsi səbəbsiz öldürməmişik” – “Taliban” üzvü ilə SENSASİON MÜSAHİBƏ
15:21 / 23.09.2021
2064
"Mən əslən Loqarlıyam. Loqarda dünyaya gəlmişəm, burada
böyümüşəm. Təhsilimin bitməsinə bir il qalmışdı. ABŞ və Qərbin ölkəmdə etdiyi vəhşilik
və barbarlığı gördükdən sonra "Taliban”a qoşulmağa qərar verdim. Peşman deyiləm”.
Sfera.az xəbər verir ki, bu sözləri "Taliban” üzvü
Əbdülhəmid Müftü Axundzadə Türkiyənin "Yeni Şafak" qəzetinin müxbiri
Taha Hüseyinlə müsahibəsində deyib.
"17-18 yaşlarımda "Taliban”a qoşularaq cihada
qatıldım. O vaxtlar hələ saqqalım yox idi. Bizi adətən təhsilsiz, cahil
insanlar kimi təqdim edir, belə tanıyırlar. Mən təhsil almışam. Mədrəsə təhsilim
də var. Kompyuterlə də aram yaxşıdır. Hazırda ən böyük hədəfim üst səviyyədə
bir islam alimi olmaqdır. Bu sahədə doktorantura təhsilimi başa vurmağa
çalışıram”.
"Taliban” üzvünün sözlərinə görə, dünya mediası
insanların zehnini bulandırır: "Media üzərindən insanlara yalan məlumatlar verilir
ki, "Taliban” harada kimi yaxalasa öldürür. Ancaq həqiqət heç də belə deyil.
Biz Allah üçün cihad etmişik. Bizim xalqımızla problemimiz yoxdur. Yerli və ya
xarici jurnalistlərlə də heç bir problemimiz yoxdur. "Taliban” düşmən deyil. Biz
heç kəsi əsassız yerə öldürməmişik”.
"Biz şəriət qanunlarını tətbiq edirik. Şəriət nəyi
uyğun görürsə, biz ona əməl edirik. Şəriətin qadağan etdiyi heç bir şeyi etmirik.
İslam dinində hər şeyin sərhədi təyin edilib.
Cihad etdiyimiz zaman heç bir maaş almırdıq.
Mücahidin məvacib alması nə dərəcədə doğrudur? Ancaq bu gün "Taliban”
Əfqanıstan hökumətidir. Polis, təhlükəsizlik orqanları, ordu var. Dövlətin
bütün resurslarından istifadə edirik. Hər kəs maaş alır, hər kəs ailəsini təmin
edə bilir”.
"Taliban” üzvü türkiyəli jurnalistin "Talibanın
Türkiyəyə baxışı necədir?” sualına "Taliban üçün Türkiyə, türklər düşmən deyil”
cavabını verib:
"Loqar-Kabil yolunda türklər görünməyə başlayıb. Türk
hərbçilərini, mülki şəxslərini, işçiləri orada gördük. Müsəlman olduqlarını
bildiyimiz üçün işlərinə mane olmadıq. Bir çox döyüş yoldaşımız dedi ki, onlar
da düşməndir, NATO ilə birlikdə gəliblər. Ancaq biz bununla belə türklərə silah
qaldırmadıq. Türkiyə müsəlman bir ölkədir. Onun xalqı müsəlmandır. Bu xalq 600
il islam xilafətinə xidmət edib. Biz tarixi yaxşı bilirik. Türklər uzun illər
islama xidmət edib”.