Azərbaycan-Türkiyə təlimlərinin digər məqsədi - Hansı ölkə təhlükəsizlik zolağına salınır?

12:45 / 03.09.2021
1315
"Azərbaycan
Vətən müharibəsində qələbə qazansa da regionda silahlanmanın sürətlənməsi
azalmayıb.Bunu zəruri edən amillər isə Ermənistan və onun havadarları ilə əlaqəlidir,
Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri, qarşı tərəf(lər)in narahatlığını
qidalandırır".
Sfera.az xəbər verir ki, bunu siyasət yazarı Aqşin
Kərimov deyib. A.Kərimov Ermənistanın ərazi iddialarından geri çəkilməsinin zəruri
olduğunu bildirib:
"Ermənistan işğalçılıq doktrinasından imtina
edən sənəd və ya milli təhlükəsizlik strategiyası ortaya qoymayıb, hərçənd ki,
ara-sıra bunun üçün hazırlığın rüşeymlərini baş nazir Nikol Paşinyanın bəyanatlarında
görürük. Məsələn, Nikol Paşinyan qonşu dövlətlərlə münasibətlərin,
o cümlədən Türkiyə ilə əlaqələrin normallaşmasının vacibliyini önə çəkir. Bu isə
o halda mümkündür ki, Ermənistan Azərbaycana və Türkiyəyə, eləcə də Gürcüstana
olan ərazi iddialarından əl çəksin.
Gürcüstanla bağlı bir məsələni qısa qeyd etdikdən
sonra (bir zamanlar uzun bir yazı yazmışdıq) Azərbaycanın silahlanmanı gücləndirməsinin
haqlı olduğunu izah etməyə çalışacağıq.
İrəvanda Cavaxetiya ermənilərinə dəstək adı altında
yaradılmış Əlaqələndirmə Şurası təcavüzkarlığa "insan hüquqları” donu geyindirmək
istəyirdi. Bu şuranın Ermənistanda dövlət tərəfindən himayə olunan
"Cavakx” "Mitk” analitik mərkəzi,
"Yerkir” birliyi, Virk partiyası və "Cavakx xalq hərəkatı” kimi təşkilatlar tərəfindən
maliyyələşməsi bir daha İrəvan hökumətinin əsl mahiyyətini ortaya qoyur.
Əsas qayə isə təbii ki, Gürcüstana qarşı ərazi
iddialarına zəmin yaratmağa hesablanmış planların tərkib hissəsinin həyata
keçirilməsi üçün stimul yığmaqdır. Bakının Vətən müharibəsində qələbəsi Ermənistanın
Gürcüstan planlarını prioritetdən çıxardı, indi İrəvan yalnız öz hayına qalıb,
bununla belə işğal doktrinasından imtina etdiyini bildirməyib".
Ekspert Azərbaycan-Türkiyə hərbi təlimlərinin Gürcüstanla
əlaqəli olduğunu deyib:
"Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və dərinləşən
strateji əməkdaşlığı gələcəkdə Gürcüstanı da hansısa təhlükədən sığortalamaq məqsədi
güdür. Təbii ki, tez-tez keçirilən hərbi təlimlərin məqsədi təkcə antiterror əməliyyatları
ilə əlaqəli deyil, xüsusilə xüsusi təyinatlıların məşqləri də gələcəkdə daha
uzaq hədəflərə "vurmaq” niyyətlərinin bəyanıdır. Hətta zamanla Azərbaycan-Türkiyə-Gürcüstan
birgə hərbi təlimlərinə da şahidlik etmişik, indi sözsüz ki, Ankara və Bakı
Gürcüstanı da təhlükəsizlik zolağına salmaq istəyir".
A.Kərimov Gürcüstanla bağlı planın səbəblərini belə
sıralayıb:
- Bakı da, Ankara da sərhədində yeni cəbhə açılmasını
istəmir,
- Gürcüstan Azərbaycan və Türkiyənin enerji
arteriyalarını birləşdirən tranzit ölkədir.
Ona görə də Azərbaycan da, Türkiyə də israrla
Gürcüstanın Zəngəzur dəhlizinə qoşulmasını istəyir, Türkiyə lideri Rəcəb Tayyib
Ərdoğan Bakıda Milli Məclisdə olarkən aşkar şəkildə bununla bağlıə Tbilisiyə
mesaj ünvanlamışdı.
Azərbaycana isə silahlanmağı gücləndirmək lazımdır.
Çünki bir tərəfdən Ermənistan amili, digər tərəfdən isə Rusiya amili, o biri tərəfdən
isə İran amili ortadadır.
Böyük ehtimal ki, Ermənistanla sərhədlərin müəyyənləşməsi
başa çatdıqdan sonra yeni sərhəd zolağına müasir silahlar yerləşdiriləcək və
bunu, təhdidlərə qarşı önləyici tədbirlər kimi qiymətləndirə bilərik.
Əzizə Zeynal
Sfera.az