Tezliklə Əliyev-Paşinyan görüşünün baş
tutacağı haqda məlumatlar yayılır. Hətta görüşün keçiriləcəyi məkanlarla bağlı
ehtimallar da səsləndirilir. Bəziləri Əliyev-Paşinyan görüşünün Moskvada, digərləri
isə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın təşəbbüsü ilə İstanbulda ola biləcəyini
deyir.
Politoloq Əlimusa İbrahimov Sfera.az-a
açıqlamasında səsləndirilən ehtimalları şərh edib. O bildirib ki, ikitərəfli
görüşün keçirilməsinin qarşısında çox ciddi maneələr var:
"İlk və ən böyük maneə Rusiyadır. Rusiya sanki
Azərbaycan-Ermənistan münasibətlərini inhisara alıb və prosesə digər siyasi
qüvvənin daxil olmasına imkan vermir. Həm də münaqişə tərəflərini baş-başa
buraxmaq fikrində deyil. Əsas məqsəd isə Qarabağ faktoru ilə Azərbaycanla Ermənistana
təsir mexanizmini əldə saxlamaqdır.
İkitərəfli görüşün keçirilməsinə mane olan digər
qüvvə Ermənistanın daxilindəki Paşinyan hökumətinə müxalif olan Dağlıq Qarabağ
erməni klanıdır. Onlar iki dövlət arasında münaqişənin həll olunmasında maraqlı
deyil və var qüvvələri ilə prosesi pozmağa çalışırlar. Çünki münaqişənin birdəfəlik
aradan qaldırılması onların siyasi səhnədən uzaqlaşdırılması və hətta həbsxanalara
salınması ilə nəticələnəcəyini gözəl bilirlər”.
Müsahibimizin sözlərinə görə, Əliyev-Paşinyan
görüşünə mane ola biləcək növbəti qüvvə nə qədər qəribə olsa da, Avropa və
Amerikadakı dövlətlərdir:
"ATƏT-in Minsk qrupu bu sahədə hələ fəaliyyətinə
xitam verməyib və danışıqların nəzarətindən kənarda keçirilməsini qəbul etmir.
Bütün bu maneələrə baxmayaraq, hadisələrin inkişafı iki dövlət rəhbərinin yaxın
zamanlarda görüşəcəyini labüd edir. Əgər bu barədə KİV-də məlumat gedibsə, deməli
hazırlıq başlayıb. Məlum olduğu kimi, hər şey məlumatdan başlayır. Məlumat
atılır, əhval-ruhiyyə öyrənilir, təbliğat işə salınır və nəticə hasil olur.
İndi biz bu prosesin ilkin mərhələsindəyik. Əgər yaxın günlərdə Paşinyanla
bağlı lətifələr Azərbaycan mətbuatından çıxarılacaqsa, deməli bu məsələ bir qədər
ciddiləşir”.
Politoloq qeyd edib ki, görüşün Türkiyədə
keçirilməsi birinci mərhələdə baş tutmaya bilər:
"İlk görüşün neytral ölkədə keçirilməsi daha məqsədəuyğundur
və düşünürəm ki, tərəflər elə bu yolu da tutacaq. Nə İstanbul, nə də Moskva.
Görüşün təşkil olunmasına Rusiyanın razılıq verməsi böyük nailiyyət hesab
olunursa , onun Türkiyədə keçirilməsi ilk mərhələdə ciddi əhəmiyyət kəsb etməyə
bilər. Amma növbəti görüşlərin sıra ilə İstanbul, Moskva, Bakı və İrəvan şəhərlərində
keçirilməsini istisna etmirəm. Amma təbi ki, bütün bunların reallaşması müəyyən
müddət çəkə bilər. Azərbaycanla Ermənistan bütün vasitəçiləri kənara qoyub ikitərəfli
görüş keçirərsə, bu onların bir-birini daha tez anlamasına yardım edər”.
Günay Rəsulqızı