“Ortada daha ciddi məsələlər olsaydı…” – Xələf Xələfovla Andrey Rusenko nədən danışıb?

“Ortada daha ciddi məsələlər olsaydı…” – Xələf Xələfovla Andrey Rusenko nədən danışıb?
Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko arasında telefon danışığı olub.

Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.
Ümumiyyətlə, son aralar bu istiqamətdə çox danışıqlar gedir. Maraqlıdır, yekun nəticə nə vaxt əldə edilə bilər?
 
Döyüşlərin başlamasının ildönümünə yaxın üçtərəfli bəyanatın icrasının tam həyata keçirilməsi real görünürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov nazirlərin görüşünün Azərbaycanı narahat edən ciddi məsələlərin mövcud olmaması ilə əlaqələdirib:
 
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri və orada aparılan danışıqlar barəsində ilk mənbədən məlumat almaq, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun Ermənistandan olan tərəf müqabilinin bəyanatlarına aydınlıq gətirmək üçün ikitərəfli təmasa zərurət yaranmışdı. Bu təmas iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində həyata keçirildi. Bu da ortalıqda Azərbaycanı narahat edən ciddi məsələlərin mövcud olmamasından xəbər verir. Daha ciddi məsələlər mövcud olsaydı, daha yüksək səviyyədə - Bayramov-Lavrov səviyyəsində, müzakirə olunardı. Bu həm də Ararat Mirzoyanın ilk səfərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməməsi anlamına gəlir. Ararat Mirzoyan isə elə ilk səfəri ilə diplomatik sahədə çox zəif fiqur olduğunu nümayiş etdirdi. Onun rusca "tirajlama” sözünü tələffüz edə bilməyib, erməni dilində deməsi lap komediya filmini xatırlatdı. Burada Azərbaycanfilmin istehsalı olan çox məşhur film personajlarından birinin  atalar sözünə çevrilmiş bir ifadəsi yada düşür: "Buna da bir quş.” ".

Politoloq həm Azərbaycan, həm də Rusiya tərəfinin real nəticələr əldə etmək istəyinin olduğunu vurğulayıb: 
 
"Xələf Xələfovla Andrey Rudenko arasında söhbətə gəlincə, təbii ki, əsas mövzu burada da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasına həsr olunmuşdu. Xələf Xələfov müsahibinə bu sahədə son günlər baş verən hadisələrə Azərbaycan tərəfinin mövqeyini izah edib, ermənilərin böyük heyətlə Xankəndinə toplaşmasının kövrək sülh prosesinin pozulmasına səbəb olacağını və eyni zamanda Rusiya sülhməramlılarının fəaliyyətsizliyini, daha doğrusu ermənipərəst mövqe tutmasını  tərəf müqabilinin diqqətinə çatdırıb.

Son zamanlar danışıqlar prosesinin sürətlənməsi və liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının reallaşdırılmasına çağırışlar tərəflərin real nəticələr əldə etmək istəmələrindən irəli gəlir. Digər tərəfdən, bu bəyanatın yerinə yetirilməsi Ermənistanın döyüş cəbhəsində məğlub olmasının siyasi cəhətdən təsdiq olunması anlamına gəldiyindən, orada bu prosesə ciddi mane olmaq yolunu tutan qüvvələr var. Onlar bu prosesin və Paşinyan hökumətinin atdığı digər addımların qarşısını almağa səy göstərirlər".

Ekspert üçtərəfli bəyanatın tam icra müddəti ilə bağlı da danışıb: "Elə buna görə də üçtərəfli bəyanatın maddələrinin tamamilə yerinə yetirilməsi haqqında konkret tarix vermək mümkün deyil. Tərəflər üçün əsas məsələ prosesin başlamasıdır. Maneələr elə bunun üçün yaranmış işçi qruplarının fəaliyyəti nəticəsində aradan qaldırılacaq. 44 günlük müharibənin birinci ildönümünə qədər olmasa da, yaxın 3-5 ilə qədər erməniləri konstruktiv mövqe tutmağa məcbur edəcəyimizə inanıram".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR