Xankəndidəki qondarma "müstəqillik günü"nə Bakının reaksiyası necə olacaq? – “Hərbi müdaxilə, yoxsa...”

Xankəndidəki qondarma
"Qarabağda separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma "müstəqillik günü” qeyd etməyə hazırlaşır. Bu gün keçiriləcək qondarma "parlamentin xüsusi iclası”nda Ermənistandan olan qonaqların iştirakı da gözlənilir".

Sfera.az xəbər verir ki, bunu siyasət yazarı Asif Nərimanlı deyib. Ekspert Ermənistan parlamentində təmsil olunan blokların mərasimdə iştirakı ilə bağlı məlumat verib:

"Ermənistan” bloku: Armen Rustamyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələcəyi haqda məlumatlar var; nə blokun lideri Robert Koçaryan, nə də parlamentdə əsas fiquru olan Seyran Ohanyan olmayacaq.
 
"Şərəfim var” bloku: cəmi bir deputatla – Artur Vanetsyanla (Vətən partiyasının sədri, Paşinyan hakimiyyətində keçmiş təhlükəsizlik xidmətinin rəhbəri olub) iştirak edəcək.

Hakim "Mənim addımım” fraksiyası: vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi deyilir.

Ermənistan rəhbərliyindən heç kim qondarma "mərasimə” qatılmayacaq və bu, son 30 ildə bir ilk olacaq: Nikol Paşinyan Soçidə istirahətdədir (sentyabrın 3-ü qayıdacaq); parlament sədri Alen Simonyan sentyabrın 2-də Vyanada səfərdə olacaq, prezident Armen Sarkisyan ümumiyyətlə yoxa çıxıb".

A.Nərimanlı Bakının bu məsələ ilə bağlı atacağı addımlara da diqqət çəkib: "Separatçılar Ermənistan rəhbərliyinin iştirakı üçün çox əlləşsə də, hətta hakimiyyətə Xankəndidə heç bir xoşagəlməz halın yaşanmayacağı, etiraz aksiyasının keçirilməcəyi sözünü versə də, nəticə əldə edə bilməyiblər: Nikol anlayır ki, onun Xankəndiyə getməsi mümkünsüzdür.

Lakin qondarma "müstəqillik günü”ndə iştirak Ermənistanın daxili siyasi mübarizəsində gündəmi müəyyən edəcək amildir: iştirak etməyənlər ittihamlarla üzləşəcək, bu baxımdan, hər fraksiya hansısa formada təmsil olunmağa çalışacaq.

Bütün bunların fonunda Bakının hansı addımı atacağı əsas müzakirə mövzusudur:

1. Siyasi reaksiya verilə bilər: hərçənd, bunun nə qədər effektli olacağı sual altındadır.

2. Hərbi müstəvidə addımlar ata bilər: müdafiə nazirinin 30 avqustda orduya "Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin” əmri bu ehtimalı önə çıxarır.

Hələki səssizlikdir, lakin nələrinsə edilməsi zərurəti var. Başqa bir ehtimalı da mümkündür: Bakı qondarma "müstəqillik günündə” susub, ardınca, bunu siyasi və hərbi müstəvidə müdaxilə üçün əsas götürə bilər".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR