Xankəndidəki qondarma "müstəqillik günü"nə Bakının reaksiyası necə olacaq? – “Hərbi müdaxilə, yoxsa...”

14:32 / 01.09.2021
2602
"Qarabağda
separatçı-terrorçu rejim sentyabrın 2-də qondarma "müstəqillik günü” qeyd etməyə
hazırlaşır. Bu gün keçiriləcək qondarma "parlamentin xüsusi iclası”nda Ermənistandan
olan qonaqların iştirakı da gözlənilir".
Sfera.az xəbər verir ki, bunu siyasət yazarı Asif Nərimanlı
deyib. Ekspert Ermənistan parlamentində təmsil olunan blokların mərasimdə
iştirakı ilə bağlı məlumat verib:
"Ermənistan” bloku: Armen Rustamyanın rəhbərlik
etdiyi nümayəndə heyətinin gələcəyi haqda məlumatlar var; nə blokun lideri
Robert Koçaryan, nə də parlamentdə əsas fiquru olan Seyran Ohanyan olmayacaq.
"Şərəfim var” bloku: cəmi bir deputatla – Artur
Vanetsyanla (Vətən partiyasının sədri, Paşinyan hakimiyyətində keçmiş təhlükəsizlik
xidmətinin rəhbəri olub) iştirak edəcək.
Hakim "Mənim addımım” fraksiyası: vitse-spiker
Ruben Rubinyanın rəhbərlik edəcəyi nümayəndə heyətinin iştirak edəcəyi deyilir.
Ermənistan rəhbərliyindən heç kim qondarma "mərasimə”
qatılmayacaq və bu, son 30 ildə bir ilk olacaq: Nikol Paşinyan Soçidə istirahətdədir
(sentyabrın 3-ü qayıdacaq); parlament sədri Alen Simonyan sentyabrın 2-də
Vyanada səfərdə olacaq, prezident Armen Sarkisyan ümumiyyətlə yoxa çıxıb".
A.Nərimanlı Bakının bu məsələ ilə bağlı atacağı addımlara
da diqqət çəkib: "Separatçılar Ermənistan rəhbərliyinin iştirakı
üçün çox əlləşsə də, hətta hakimiyyətə Xankəndidə heç bir xoşagəlməz halın
yaşanmayacağı, etiraz aksiyasının keçirilməcəyi sözünü versə də, nəticə əldə edə
bilməyiblər: Nikol anlayır ki, onun Xankəndiyə getməsi mümkünsüzdür.
Lakin qondarma "müstəqillik günü”ndə iştirak Ermənistanın
daxili siyasi mübarizəsində gündəmi müəyyən edəcək amildir: iştirak etməyənlər
ittihamlarla üzləşəcək, bu baxımdan, hər fraksiya hansısa formada təmsil olunmağa
çalışacaq.
Bütün bunların fonunda Bakının hansı addımı atacağı
əsas müzakirə mövzusudur:
1. Siyasi reaksiya verilə bilər: hərçənd, bunun nə
qədər effektli olacağı sual altındadır.
2. Hərbi müstəvidə addımlar ata bilər: müdafiə
nazirinin 30 avqustda orduya "Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində
olan "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara
dərhal cavab verilsin” əmri bu ehtimalı önə çıxarır.
Əzizə Zeynal
Sfera.az