Əmək qabiliyyəti olan 154 min gənc işsizdir

11:40 / 28.08.2021
1132
Əhalinin iqtisadi fəallığına dair seçmə statistik müayinənin 2020-ci ilin yekunlarına əsasən 15-29 yaşlı iqtisadi fəal gənclərin sayı 1,378 milyon nəfər, onlardan məşğul əhalinin sayı 1,224 milyon nəfər olub. Məşğul gənclər arasında qadınlara (562,3 min nəfər) nisbətən kişilər (661,6 min nəfər) üstünlük təşkil edib.
Sfera.az bildirir ki, müayinənin yekunlarına görə 15-29 yaşlı gənclər arasında işsiz gənclərin sayı 154,1 min nəfər olub. Başqa sözlə, gənclər arasında işsizlik səviyyəsi 11,18 faiz təşkil edib.
İşsiz gənclərin 69,9 min nəfəri kişi, 84,2 min nəfəri qadınlardır. 15-29 yaşlı məşğul olan 1,224 milyon gəncin 20,8 faizi ali, 11 faizi orta ixtisas, 3,9 faizi peşə, 55,5 faizi tam orta, 8,7 faizi ümumi orta və 0,1 faizi ibtidai təhsilə malikdirlər. İşsiz gənclərin isə 10,6 faizi ali, 11,9 faizi orta ixtisas, 4,4 faizi peşə, 59,5 faizi tam orta, 13,4 faizi ümumi orta təhsil, 0,2 faizi ibtidai təhsilə malik olub.
Məlumatlar göstərir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə gənclər arasında işsizlik səviyyəsi artıb. 2019-cu ildə 120 min işsiz gənc olduğu halda, ötən il işsiz gənclərin sayı 154 mini keçib. Nəticədə, gənclər arasında işsizlik səviyyəsi 8,7 faizdən 11,2 faizə yüksəlib.
Ötən il ölkə üzrə işsizlik səviyyəsi 7,2 faiz, işsizlərin sayı isə 376 min idi. Deməli, ötən il ölkəmizdəki işsizlərin 41 faizi gənclərdən ibarət olub.
Qeyd edək ki, gənclər 14-29 yaş intervalında olan vətəndaşlardır. Əmək məcəlləsinə əsasən Azərbaycanda 15 yaşdan əmək fəaliyyətinə icazə verildiyindən məlumatlar 15-29 yaş intervalında götürülür.
2021-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 2,3 milyon gənc var və onlar əhalinin 22,8 faizini təşkil edib.
2010-cu illə müqayisədə gənclərin sayında azalma görünür. Həmin ildə 2,83 milyon gənc olub və onlar ölkə əhalisinin 31,4 faizini təşkil ediblər.
Vasif
Sfera.az