ABŞ-dan iddialı açıqlama: “2022-ci ilin ilk aylarında pandemiyanı nəzarətə ala bilərik"

Dünya
10:48 / 25.08.2021
812
ABŞ Prezidenti Co Baydenin sağlamlıq məsləhətçisi doktor Antoni Fauçi ölkədə peyvəndləmmə işlərinin sürətlənəcəyi təqdirdə 2022-ci ilin ilk aylarında COVID-19-a nəzarəti ələ ala biləcəklərini açıqlayıb.
Sfera.az xəbər verir ki, Antoni Fauçi ABŞ-ın Qida və Dərman İdarəsinin (FDA) "Pfizer-BioNTech” peyvəndini tam olaraq təsdiqləməsinin ölkədə daha çox insanın peyvənd edilməsinə yol açacağını diqqətə çatdırıb. O, "Moderna” və "Johnson & Johnson” tərəfindən hazırlanan peyvəndlərin də yaxın gələcəkdə tam təsdiqlənəcəyini gözlədiklərini bildirib.
Onun fikrincə uşaqların COVID-19 əleyhinə peyvəndi də payız mövsümündə səhiyyə orqanları tərəfindən rəsmi olaraq təsdiqlənəcək.
"Peyvəndlənməkdən yayınan və ya bu fürsəti əldə edə bilməyən 80-90 milyon insana da əlimiz çatarsa, tunelin sonunda işığı görə biləcəyimizə inanıram”, - deyə doktor vurğulayıb.
A.Fauçi Pentaqonun bütün işçilərinə peyvəndlənməni məcburi etdiyi kimi, digər dövlət qurumları və özəl şirkətlərin də oxşar qərarlar qəbul edə biləcəyini istisna etməyib.
Qeyd edək ki, ABŞ Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən, azı 8 ay əvvəl peyvəndin ikinci dozasını vurduran amerikalılar sentyabrın 20-dən etibarən üçüncü dozanı da ala biləcəklər. İlk dozalarda olduğu kimi, peyvəndlər ilk növbədə səhiyyə işçilərinə, qocalar evində işləyənlərə və yaşlılara vurulacaq.
Əzizə Zeynal
Sfera.az