Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarına niyə vaksin vurulmur? - Deputat dövlət qurumlarına çağırış etdi

10:31 / 25.08.2021
821
"Bu da başqa bir biabırçılıq. Gürcüstan vətəndaşı olan xeyli soydaşımız var. Onlar nə etsinlər? Artıq illərdir evləri-eşikləri burada, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır”.
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, həmin vətəndaşlardan müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər və çoxunda bu sənəd yoxdur.
Millət vəkili məsələ ilə bağlı dövlət qurumlarına çağırış edib:
"Müvafiq qurumlara çağırış edirəm, onların siyahısı hökumətdə olmalıdır, ayrıca olaraq məhz faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır”.
F.Mustafa qeyd edib ki, məsələ ilə bağlı dərhal addım atılmalıdır:
"Sabah bununla bağlı TƏBİB-ə və Səhiyyə Nazirliyinə deputat sorğusu ilə rəsmi müraciət də edəcəyəm. Üst-üstə soydaşlarımızın sayı olsun 100-150 min. Buna vaksinimiz yetməyəcək? Təcili yığışıb bir qərar qəbul etmək lazımdır. Operativ Qərargah da bu ciddi məsələni diqqətdə saxlamalıdır”.
Günay Rəsulqızı
Sfera.az