“Bunun reallaşması üçün Ermənistan özünü konstruktiv aparmalıdır” - Açıqlama

“Bunun reallaşması üçün Ermənistan özünü konstruktiv aparmalıdır” - Açıqlama
"Humanitar müstəvidə vasitəçi olmadan, ikitərəfli ünsiyyət formasında növbəti addımların atılması üçün platforma mövcuddur. Amma bunun üçün İrəvan özünü konstruktiv aparmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də kənar vasitəçilərin iştirakı ilə ilk addımın baş tutması - mina xəritələrinin verilməsi və əsir diversantların qaytarılmasından sonra üçüncü tərəfin iştirakı olmadan, Azərbaycanla Ermənistanın birbaşa təmasının mümkünlüyünə toxunarkən, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
 
Deputatın qənaətinə görə üçtərəfli İşçi Qrupu formatında məsələni həll edə bilərik: "Bu ilin yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya arasında növbəti sənəd  imzalandı. Sənədə əsasən üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində İşçi Qrupu yaradıldı.  Burada müzakirələrin əsas predmeti isə region üzrə kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsidir. Amma düşünürəm ki,  bununla yanaşı həmin İşçi qrupu səviyyəsində humanitar xarakterli məsələlər də müzakirə oluna bilər. Kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunursa, təbii ki, hər şeydən öncə təhlükəsizlik məsələləri səmərəli şəkildə həll olunmalıdır”.
 
E. Mirbəşiroğlu ikitərəfli təmasın yaranması üçün başlıca şərti də diqtə etdi: "Ermənistan Azərbaycan ərazisində basdırdığı minaların xəritəsini təqdim etməlidir. Bu olmazsa, sözügedən humanitar məsələni kənar vasitəçilər olmadan, ikitərəfli müstəvidə həll etmək hələ də mümkünsüz olaraq qalacaq. Reallıq odur ki, Ermənistan yenə də özünü qeyri-konstruktiv aparır.  Belə davam edəcəyi təqdirdə, humanitar məsələdə növbəti addımların atılması üçün də vasitəçilərə ehtiyac duyulacaq.  Azərbaycan Prezidenti dəfələrlə müxtəlif ölkə və təşkilatlara Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsinin vacibliyini çatdırıb və bu istiqamətdə İrəvana təsir göstərilməsini istəyib.  Ancaq görünən odur ki, Ermənistan seçki öncəsi özünü müəyən dairələrin simasında revanşist obrazında aparmaqda davam edir.  Buna baxmayaraq aydın dərk edirlər ki, Azərbaycan gücü vasitəsilə Ermənistanı bu istiqamətdə sonadək bütün addımları atmağa məcbur edəcək”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR