Ramazanda düzgün qidalanma: imsak və iftar vaxtı hansı qidaları qəbul etmək lazımdır?

Ramazanda düzgün qidalanma: imsak və iftar vaxtı hansı qidaları qəbul etmək lazımdır?

Ramazan ayının yay fəslinə təsadüf etməsi, orucun təxminən 17 saata yaxın olması aclıq və susuzluğu daha çox hiss etdirmiş olur. Mütəxəssislər hesab edirlər ki, oruc tutanların özlərini daha gümrah hiss etmələri üçün iftar süfrələrininin dəyərli qidalarla zəngin olması vacibdir. Ramazan ayında yetərli və keyfiyyətli qidalanmaq zəruridir. Təbii ki, bunun üçün düzgün qidalanmaq şərtdir. Ramazan ayında da orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağları yetərli miqdarda alınmalıdır.

"Ramazan ayı başlamamışdan bir ay əvvəl orqanizmi oruc tutmağa hazırlamaq lazımdır"

Milli.Az bildirir ki, həkim-dietoloq Ləman Süleymanova report-a açıqlamasında deyib ki, orucluq dövründə düzgün qidalanmaq üçün müəyyən qaydalar var: "Nəinki ramazan ayının imsakında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Belə ki, suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Çünki imsakda qida qəbul etməyən, bütün günü ac qalan, ya da axşama kimi yatan insanlar var. Axşam iftar zamanı isə normadan artıq və fasiləsiz qida qəbul etmək ziyanlıdır. Hətta səhərə qədər yeyən insanlar var. Bu, həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün sayılmır. Gün ərzində ac qalmaq xüsusilə də təzyiq problemi, eləcə də mədə-bağırsaq sistemində narahatlığı olan insanların səhhətinə mənfi təsir göstərə bilər. Ona görə də ramazan ayının qaydalarına tam əməl etmək lazımdır".
Onun sözlərinə görə, səhər yeməyi mütləq zəruridir: "Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsakda insana enerji verəcək qidaların qəbul edilməsi yaxşı olardı. Bu baxımdan imsakda ilk növbədə duzlu qidaları siyahıdan çıxartmaq lazımdır. Çünki səhər yeməyində duzlu şorabalardan istifadə edən insanlar var. Bu, qəti qadağandır. Duzlu pendir də olmaz. Daha çox şit pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından da istifadə etmək məqsədəuyğundur. Səhər menyusunda daha çox meyvə şirələrinə üstünlük verilməsi məqsəduyğundur. Həftədə ən azı 3-4 dəfə təbii qidaların qəbul edilməsi məsləhətdir: "Müəyyən günləri də zəngin səhər yeməyi yemək olar. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsak və iftarda olması yaxşıdır. Ümumiyyətlə, səhər yataqdan duran kimi mütləq iki stəkan su içilməsi yaxşı olardı. Bir almanın yarısını yemək də məqbuldur. Yarım saat sonra isə səhər yeməyinə başlamaq olar. Əgər səhər düzgün qida qəbul etsək, gün boyu həm su, həm qidalanma, həm də enerji balansımızı günorta saat 3-ə kimi qorumuş olarıq".
L.Süleymanova bildirib ki, iftar zamanı isə ilk növbədə süfrə mədəniyyətinə əməl etmək lazımdır: "İsrafçılığa yol verməməyə çalışmaq lazımdır. Çünki iftar açmağln da öz qaydaları var. Oruc bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. 5 dəqiqə sonra isə hazırlanan yeməkləri yemək olar. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin oması daha uyğundur. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində porblemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq. İftarda doyunca yemək yeyən insan var, lakin səhərə qədər meyvə yeyəcəyini deyir. Bu da düzgün deyil".
Həkim-dietoloq vurğulayıb ki, qəbul olunan qidalar yaxşı çeynənilməlidir: "Qidanı həzmdə problem yaranmaması üçün ağızda yaxşı əzmək lazımdır. Eyni zamanda, iftara 1-2 saat qalmış sonradan yeyilən qidaların yaxşı həzm olunması üçün mümkün qədər fiziki aktivlik nümayiş etdirilməlidir. Bundan başqa, oruc tutan insanların yuxu rejimi düzgün şəkildə olmalıdır. Həmçinin, fiziki aktivlik az miqdarda olmalıdır. Bütün bunlar balanslaşdırılmış şəkildə olsa daha yaxşıdır. Hətta stressdən də bir qədər uzaq qalınması məsləhətdir. Ümumiyyətlə, orucluqdan bir ay əvvəl bədəni buna hazırlamaq da lazımdır. Əsas qidanın kalorisini azaltmaq istiqamətində iş görmək vacibdir. Rejimlə qidalanmağa çalışmaq lazımdır. Oruc tutan zaman hansısa problem meydana çıxmaması üçün orqanizm buna əvvəlcədən hazırlanmalıdır".
"Orucluğun müddəti insanların psixologiyasına hansısa formada təsir göstərmir"
Psixoloq Elnur Rüstəmov hesab edir ki, oruc tutma müddətinin 17 saata yaxın olmasının insanların psixologiyasına hansısa formada təsir göstərməsi mümkün deyil: "Burada əsas məsələ insanın niyyət və məqsədidir. Bu da digər narahatlıqları arxa planda qoyur. Onsuz da səhhətində problem olan insanlar oruc tutan zaman bunu nəzərə alırlar. Ümumilikdə isə oruc tutmağın müsbət təsiri olacaq, mənfi təsiri olmayacaq. İnsan saf niyyətlə oruc tutursa, bunu 24 saatlıq da edə bilər. Yox, əgər başqa düşüncə varsa, təbii ki, bu, onlar üçün çətin olacaq. Ona görə də həmin insanlar aqressiv, əsəbi və narahat olacaqlar".
Onun sözlərinə görə, ramazan ayı öncəsi insanların psixoloji olaraq hazırlanması da öz müsbət təsirini göstərir: "Ramazanın da özünün gözəl adət-ənənələri var. Misal olaraq, iftarı yaxın insanlarla bir süfrə arxasında açmaq özü də gözəl hissdir".
"İmsak və iftar zamanı xüsusi dəb-dəbiyə, israfçılığa yol verilməməlidir"
İlahiyyatçı hacı Fəxri Sadıqov deyib ki, islam dinində israfçılıq qəbuledilməzdir: "Allah da israfçılığı sevmir. Ümumi olaraq belə ayəmiz də var. İftar süfrəsində İslam müqəddəslərinin istifadə etdiyi təamlar - süd, xurma, su, zeytun yer alıb. Oruc sübh namazından şam namazına qədər ilahi nemətlərdən insanın özünü qorumasıdır".
Onun sözlərinə görə, süfrədə orucluq vaxtı zənginliyə yol verilməməlidir. Balıq, cücə və ət məhsulları bir gündə yeyilərsə, mədənin həzminə ayrı güc göstərir. Bütün bunların eyni gündə yeyilməsi dini baxımdan həm israfçılıq, həm də mədə üçün məsləhət görülmür. Meyvədən daha çox istifadə edilməsi yaxşı olardı. İftarı açan zaman boş mədəni birdən-birə çox yükləməmək lazımdır. Hədisdə də var ki, su və ya süd ilə iftarı açmaq lazımdır. Həmçinin, süfrədə xurmanın olması daha məqbuldur. Qurani-Kərimdə yer alan ayəyə görə, xəstələr, səfərdə olanlar, hamilə qadınlar, yaşlılar oruc tutmaqdan azaddırlar". 
Qeyd edək ki, iyunun 7-də başlayan ramazan ayının ilk Qədr (əhya) gecəsi iyunun 24-də olacaq. İkinci Qədr (əhya) gecəsi 26 iyuna (ramazan ayının 20-ci gününə), üçüncü Qədr (əhya) gecəsi 28 iyuna (ramazan ayının 22-ci gününə), sonuncu Qədr (əhya) gecəsi isə iyul ayının 2-nə, (ramazan ayının 26-cı gününə) təsadüf edəcək. Bayram namazı isə iyulun 6-da (1 şəvval) qılınacaq.


OXŞAR XƏBƏRLƏR

Prezident Fərman İMZALADI

“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İ...

Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in &ldqu...

Prezident: "İndi Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb"

Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar ...

"Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir" - İlham Əliyev

Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir.   Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətil...

Prezident xalqa müraciət etdi - TAM MƏTN

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışın...

Zelenskidən Trampın vədlərinə REAKSİYA: “Bu, Ukrayna üçün itkidir”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın Rusiya-Ukrayna müharibəsini tezliklə bitirə biləcəyi ilə bağlı açıqlamasın...