ABŞ ilk 9 xəstənin Çin tərəfindən koronavirusa yoluxdurulduğundan şübhələnir - Məlumatlar tələb edildi

Dünya
11:18 / 05.06.2021
2382
ABŞ Çindən COVID-19-un pandemiyaya çevrilməsindən öncə xəstələnən 9 nəfərin məlumatlarını istəyib.
Sfera.az xəbər verir ki, ABŞ Prezidentinin Baş səhiyyə məsləhətçisi və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Antoni Fauci Çini epidemiya başlamazdan əvvəl COVID-19 simptomları ilə xəstələndiyi iddia edilən 9 nəfərin sağlamlıq qeydlərini dərc etməyə səsləyib.
Onlardan 3-ünün Vuhan Viroloji Laboratoriyasında çalışdığı bildirilirdi. Antoni Faucinin sözlərinə görə, bu qeydlər COVID-19-un ilk günlərinə və mənşəyinə aydınlıq gətirəcək, həmin şəxslərin həqiqətən xəstələndikləri və ya yoluxdurulduqları üzə çıxacaq.
ABŞ rəsmisi 3 laboratoriya işçisi istisna olmaqla, digər 6 nəfərin 2012-ci ildə yarasa mağarasına girən mədənçilər olduğunu xatırladıb. Onların bundan sonra sətəlcəm keçirdiklərini, koronavirusunun mənbəyi olduğu bildirilən bu mağaradan götürülən nümunələrin isə Vuhan Virologiya İnstitutunda saxlanıldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ölkənin kəşfiyyat xidmətlərinə 90 gün ərzində koronavirusun həqiqi mənşəyini tapmağı əmr edib.
Əzizə Zeynal
Sfera.az