“Kondisioner yoluxmanı artırır” – İctimai nəqliyyatda soyutma sistemi işə salınacaqmı?

12:16 / 24.05.2021
2455
"İstənilən qapalı mühitdə xəstə bir nəfər varsa,
kondisioner və dövr edən sistem o infeksiyanın qısa müddətdə yayılmasına səbəb
ola bilər”.
Bunu Sfera.az-a açıqlamasında tibb üzrə ekspert Adil
Qeybulla "ictimai nəqliyyatda istifadə olunan kondisionerlər virusun
yayılmasını sürətləndirə bilərmi?” sualını cavablandırarkən deyib. Mütəxəssis
bildirib ki, iaşə müəssisələri, restoranlarda bu ehtimal daha realdır:
"Həmin məkanlarda insanlar saatlarla əyləşirlər və
aralarında bir xəstə adamın olması mümkündür ki, bir neçə adamı xəstələndirsin.
Lakin demək olar ki, koronavirusla konktakda olmayan adam tapmaq çətindir. Bu və
ya digər dərəcədə COVİD-19 hər kəsə toxunub. Elə insan var ki, bunu ayaqüstə
keçirib, faqositoz mərhələsində sönüb, bədəndə interferon (orqanizm tərəfindən
viruslar, bakteriyalar və ya xərçəng kimi zərərli birləşmələrə cavab olaraq istehal
olunan təbii bir protein) çox olub. Yaxud koronavirusu ağır keçirənlər, nəticədə
immun sistemi formalaşanlar var”.
Müsahibimiz bütün bunları geri qalan mərhələlər
adlandırıb və koronavirusun mövcud üç dalğasında xəstələnənlərin kifayət qədər
olduğunu bildirib: "Biz artıq vaksin olunanlara görə kollektiv immunitetə
daha yaxınıq. Hesab edirəm ki, proses bu cür davam edərsə və xüsusi sürprizlər
olmazsa, yaya kimi yəqin ki, bunun sonuna çatarıq. Ona kimi də epidemioloji vəziyyətdən
asılı olaraq, müəyyən yumşalmalar olacaq. Bu da mərhələ-mərhələ həyata keçiriləcək”.
Günay Rəsulqızı