Məhkəmə Ukrayna təyyarəsinin vurulmasının terror aktı olduğuna qərar verdi - Xamneyiyə qarşı 1 milyard dollarlıq İDDİA

12:01 / 21.05.2021
2330
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulan Ukrayna Hava Yollarına məxsus "PS752” sərnişin təyyarəsində qohumlarını itirən 4 nəfərin Kanadanın Ontario Ali Məhkəməsində qaldırdıqları iddia təmin olunub.
Sfera.az xəbər verir ki, məhkəmə Ukrayna sərnişin təyyarəsinin vurulmasının terror aktı olduğu barədə qərar verib.
Qərarla İran İslam Respublikası, İran Silahlı Qüvvələri, İran İnqilab Keşikçiləri Korpusu, İranın dini lideri Məhəmməd Əli Xamneyi və digər yüksək rütbəli səlahiyyətlilər terror aktından məsul tutulub.
Məhkəməyə müraciət edənlərdən Mehrzad Zareyi Xamneyi barəsəindəki terrorçuluq ittihamının ilk dəfə məhkəmə tərəfindən təsdiqləndiyini, məhkəməni qazandıqlarını və proses başa çatdıqdan sonra İrana qarşı 1 milyard dollarlıq iddia qaldıracaqlarını bildirib.
Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi 2020-ci ilin 8 yanvarında səhər saatlarında Kiyevə getmək üçün Tehranın İmam Xomeyni Hava limanından qalxdıqdan qısa müddət sonra iki raket zərbəsi ilə vuruıub və təyyarədəki 176 nəfər həlak olub. Təyyarədə ölənlərin 63 nəfəri Kanada vətəndaşı olub.
İran rəsmiləri əvvəlcə təyyarənin vurulduğu iddialarını qəbul etməsələr də, sonradan səhvlərini etiraf ediblər.
İran hadisədən təxminən bir il sonra – 2020-ci ilin 30 dekabrında həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar təzminat ödəyəcəyini bildirib.
Əzizə Zeynal
Sfera.az