İrandakı prezident seçkilərinin əsas namizədləri kimdir? – Politoloq gözləntilərdən danışdı

İrandakı prezident seçkilərinin əsas namizədləri kimdir? – Politoloq gözləntilərdən danışdı
"İranın keçmiş prezidenti Mahmud Əhməd Nejat yenidən böyük siyasətə qayıdır və iyunda keçiriləcək seçkilərdə iştirak etmək fikrindədir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov İranda iyunun 18-nə təyin olunmuş prezident seçkilərindən danışarkən bildirib.
Onun sözlərinə görə, Konstitusiya Mühafizəsi Şurasının Əhməd Nejatın namizədliyini təsdiq edib-etməyəcəyi İranda və region dövlətlərində də ciddi maraqla gözlənilir:

"Çünki 2017-ci il seçkilərində onu namizədliyini geri götürməyə məcbur etmişdilər. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, Əhməd Nejatı 2021-ci ildən sonra yenidən prezident görmək istədikləri ona çatdırılmışdı. Əgər namizədliyi təsdiq edilərsə, keçmiş prezidentin yenidən bu kürsüyə oturmaq ehtimalı ciddiləşir.

Şura artıq bir neçə görüş keçirib. Amma namizədlərin sayı olduqca çoxdur və yoxlamanın nəzərdə tutulan vaxta başa çatdırılması şübhə doğurur. 40 qadın olmaqla, 592 nəfər prezident marafonuna qoşulmaq istəyir. Bunların içindən 7-10 nəfər ən layiqlisini seçmək olduqca çətindir. Ən yaxşı halda, Şura seçkiyə buraxmaq istədiyi və artıq yuxarı dairələrdə məlum olan kiçik bir qrup şəxsi ayıracaq, sonradan isə seçkiyə buraxılması nəzərdə tutulmayanlar üçün səbəblər toplayacaq”.

Müsahibimiz seçkiyə buraxılmaq ehtimalı olan şəxslərdən də söz açıb: "Təbnak xəbər agentliyinin proqnozuna görə,  onların arasında Ali Məhkəmənin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Mühsin Rezayi, keçmiş nüvə danışıqları rəhbəri Səid Cəlili, vitse-prezident İsaq Cahangiri, keçmiş müdafiə aziri Hüseyin Dehqan, keçmiş parlament spikeri Əli Laricani, İran televiziyasının keçmiş rəhbəri İzzətullah Zərqami, əmək naziri Məhəmməd Şəriətmədari və Mərkəzi Bankın sədri Əbdülnasir Himməti var.

Bu namizədlər içində Əhməd Nejatla yanaşı, Rəisi və Laricaninin finala qalacağını böyük ehtimal hesab edirlər. Rəisi mühafizəkarlar, xüsusən mühafizəkar mətbuat arasında böyük nüfuza malikdir. Məlumata görə, Rəisi seçkilərdə iştirak etmək fikrində olmasa da,  ətrafında olan bəzi qüvvələr onu bu işə ruhlandırıblar. Ali Məhkəmənin sədri bu məqsədlə hətta Ali Dini Liderlə də görüşüb. Xameneyinin Rəsinin namizədliyinin müsbət və mənfi qarşılaması haqqında dəqiq məlumat yoxdur. 64 yaşlı mühafizəkar qrupdan ayrılıb reformaçılara qoşulan Laricani böyük ehtimalla seçkinin favorilərindən biri olacaq. Çünki reformaçılar tərəfindən onun qədər nüfuzlu bir şəxsiyyətin irəli çəkilməsi haqqında hələ məlumat yoxdur”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR