“Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır” – QHT sektorunda nələr dəyişəcək?

16:22 / 20.04.2021
1026
"Daha açıq bir sistem yaradılmalı, burada rəqabətli
mühit təmin edilməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında QHT-lərə
Dövlət Dəstəyi Şurasının ləğv edilərək, onun bazasında Agentliyin yaradılmasının
gözlənilən müsbət dəyişikliklərdən danışarkən İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyinin sədri Azər Mehtiyev deyib:
"Vətəndaş cəmiyyətinin inkişafı üçün hökumət zəruri
şərtləri təmin etməlidir. Ancaq faktiki
olaraq gördük ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılandan sonra nəinki vətəndaş
cəmiyyətinin inkişafına dəstək verilmədi, əksinə, şərtlər bir qədər də sərtləşdirildi.
Nəticədə təhlükələri aradan qaldırmaq əvəzinə, bütün müstəqil vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyəti məhdudlaşdırıldı.
Daha çox hökuməti fəaliyyətini təbliğ edən təşkilatlar formalaşdı”.
Bu baxımdan da həmsöhbətimiz hesab edir ki, vətəndaş
cəmiyyətinin inkişafını istəyiriksə,
daha açıq bir sistem yaradılmalı, burada rəqabətli şərait təmin edilməlidir.
"Agentliyin fəaliyyət prinsipi dövlətlə cəmiyyət
arasında körpü rolunu oynamaqdan ibarət olmalıdır”.
Bu açıqlama isə politoloq Cümşüd Nuriyevə məxsusdur.
O hesab edir ki, Azərbaycanda bu sahədə pərakəndəlik hökm sürürdü: "4 mindən çox QHT qeydə alınsa da 80 faizə qədəri
fəaliyyət göstərmir. Faəliyyətdə
olanların da çoxu daha çox xarici qrantlardan asılı olanlardır. Şuranın
Agentliyə çevrilməsi dövlətin QHT-lərə diqqətinin rəsmiləşdirilməsi və ikiqat
artırılması deməkdir. İanə ayrılması prosesinə indi bəzi yerli və xarici şirkətlər
də qatıla biləcək”.
Elçin
.