"Xəzərin suyu Kürə qarışır, ekosistem məhv olmaq üzrədir" - Ekspert

Cəmiyyət
11:37 / 10.04.2021
1253
"Son günlər Kür Xəzərə yox, Xəzər Kürə axır. Artıq dəniz suyu 40 km Kür çayında irəliləyib, şoranlaşıb”.
Sfera.az xəbər verir ki, bunu REAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var:
"Rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi var. Əhali istifadə etməyə su tapmır, çox ciddi içməli su qıtlığı yaranıb. Aqrar sektorda suvarma problemi var, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır”.
N.Cəfərli qeyd edib ki, Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən onmilyonlarla pul ayrılsa da, nəticə eynidir:
"Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur. Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı. İndi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir. Bu çox ciddi problemdir, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir”.
Günay
Sfera.az