"Onları hamı təbrik etməli idi!" - Vahid Mustafayevdən Qarabağ radiostansiyası ilə bağlı PAYLAŞIM

Cəmiyyət
10:34 / 10.04.2021
1106
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Qarabağda radiostansiyanın açılması üçün Milli Televiziya və Radio Şurasının elan etdiyi tenderə qatılıb.
Sfera.az xəbər verir ki, bu barədə Vahid Mustafayev özü məlumat verib.
O bildirib ki, Azərbaycan və onun xaricində yaşayan milyonlarla azərbaycanlıların daimi tələblərini nəzərə alaraq, Çingiz Mustafayev adına ANS-ÇM radiostansiyasını yenidən fəaliyyətə qaytarmaq, Qafqaz və Orta Asiyada ilk radiostansiyasının təcrübəsini, əsasən də Qarabağ döyüşlərində qazanılan əvəzolunmaz təcrübəni dövlət və xalqın qulluğuna həsr etmək üçün üç şirkətlə - İNS ÇM, İSTİ PRESS və ANS ÇM kimi bu tendere qoşulublar:
"Vaxt var idi, namizədlərin avadanlıqlarını yoxlayardılar, yaradıcı kollektivi ilə tanış olardılar, redaktor və jurnalistlərin tərcümeyi-halı, cəza evlərində və ya xaricdə olan qohumları haqqında məlumatlar, nominantların ideya və planları haqda məruzələrini dinləyərdilər. Ən azı indi dəbdə olan "pitçinq"(müdafiə) edərdilər. Axı bu adamlar Azərbaycanın ən çətin zonası olan Qarabağda müxtəlif dillərdə hazırladığı məlumat, bədii və sənədli verilişləri hazırlayıb yayıma buraxacaqlar. Bu amalla gecə-gündüz hazırlaşdığımız ev tapşırıqlarını yüksək səviyyədə cilaladıq, aparıcılarımızı və redaktorlarımızı götürüb gəldik MTRŞ-ya.
Amma yuxarıda qeyd etdiklərimin heç birisini görmədik və gözlədiyimiz həyəcanı hiss etmədik. Hər şey çox asan və trivial şəkildə baş verdi - toplantıya 25 dəqiqə gecikən MTRŞ şura üzvləri nominantları sadəcə artıq pərdə arxasında hazırlanmış qərarı ilə tanış edərək, seçilmiş qalibi elan etdi. Qalib CBC (Caspian Broadcasting Company) şirkəti oldu”.
V.Mustafayev izləyicilərinə müraciət edərək qeyd edib ki, onu ANS uğrunda vuruşmamaqda suçlamasınlar:
"İstəyirik ki, bizdə olan bilik və təcrübə ilə xalqımıza və vətənimizə faydalı olaq. Lakin hər şey bizim istədiyimiz kimi olmur, əksinə, bugün mədəni-maarif və media sahəsində bir sıra vacib şeylər bizim istəmədiyimiz kimi olur.
Hər halda, toplantının sonunda mən, Azərbaycanda ilk FM Radiosu, Milli Qəhrəman Çingiz Mustafayev adına ANS-ÇM radiostansiyanın yaradıcısı kimi, CBC-FM təşkilatını təbrik etdim, onlara ağır və məsuliyyətli işlərində bilik, təşəbbüskarlıq və ən əsası, uğurlar arzu etdim və bütün işlərində onlara dəstək olacağımıza söz verdim.
Təəssüf ki, nominantlardan CBC-ni yalnız biz, ANS təbrik etdi, amma düşünürəm bu səhvdir - onları hamı təbrik etməli idi! Biz hamımız Qarabağda çalışan Azərbaycan Radiosuna dəstək olmalıyıq, axı onlar düşmənlə üzbəüz, ön cəbhədədirlər. Vətən sağ olsun!”.
Günay Rəsulqızı
Sfera.az