İşlənmiş elektrik batareyaları necə utilizasiya edilməlidir? - FOTO
Avropada elektrik batareyalarının utilizasiyasına 2000-ci ilin əvvəlindən başlanılıb. Avropa Birliyində (AB) batareyaların və akkumulyatorların toplanması, atılması Avropa Parlamenti və Avropa Şurası tərəfindən 6 sentyabr 2006-cı ildə qəbul edilən direktivin müddəaları ilə tənzimlənir. AB ölkələri arasında istifadə olunan batareyaların toplanma nisbəti üzrə ən yaxşı göstərici (90 faiz) Almaniyadadır. Ölkədə, hətta, zibil qutusuna atılan batareyalar üçün böyük məbləğdə cərimə nəzərdə tutulur. Rusiyada belə batareyaların əhalidən qəbulu üçün xüsusi məntəqələr, bu işlə məğul olan qurum və zavod fəaliyyət göstərir.
Azərbaycanda isə hər il adambaşına, təqribən, 250 kiloqram məişət tullantısı düşür. Bunun da 2 faizə qədəri təhlükəli tullantılardır. Təhlükəli tullantılara elektron avadanlıqlar, batareyalar, tibbi ləvazimatlar və lampalar daxildir. Çox təəssüf ki, bu tullantılar utilizasiya olunmadan poliqonlarda basdırılır və ya yandırılır. Bu isə yolverilməzdir. Çünki istifadə olunmuş batareyaların tərkibindəki ağır metallar, duzlar, civə və digər zəhərli komponentlər ətraf mühitə və insan sağlamlığına ən azı 10 il potensial təhlükə yaradır.
İşlənmiş batareyaların evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində onkoloji şişlər, görmənin zəifləməsi, dəri xəstəlikləri, sümük əriməsi, ağciyər xəstəlikləri, əsəb pozğunluğu, yorğunluq, halsızlıq, uşaqların qüsurlu doğulması, gec inkişafı kimi fəsadlar yarana bilir. Bu səbəbdən də həmin tullantıların düzgün idarə olunması, təşkil olunması və utilizasiyasının təmin edilməsi ətraf mühitin və insan sağlamlığının qorunmasına kömək edir.
İşlənmiş batareyaların atılması nəticəsində zərərli maddələrin insan orqanizminə, ətraf mühitə təsirlərinin azaldılması üçün bir çox ölkələr öhdəliklər götürür və Azərbaycan da BMT-in İnkişaf Proqramı ilə birlikdə bu öhdəliklərə qoşulmağa hazırlaşır.
Ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına töhvə vermək, müasir standartlara cavab verən yeni məhsulun ölkəmizdə istehsalını yaratmaq məqsədilə "Sumqayıt Kimya Sənaye Parkı”nda istifadə müddəti bitmiş batareyaların və akkumulyatorların utilizasiyası və yeni qurğuşun-turşulu akkumulyatorların istehsalı sahələrinin inkişaf etdirilməsi qərara alınıb. Bu məqsədlə sözügedən tullantıların utilizasiyası zavodları istifadəyə verilsə də, hələlik tullantıların böyük bir qismi lazımı qaydada idarə olunmur.
Azərbaycanda ilk dəfə İDEA İctimai Birliyi işlənmiş batareya tullantılarının utilizasiyası məsələsini gündəmə gətirib və onların Bakı şəhəri üzrə təhsil müəssisələrindən toplanaraq, mütamadi olaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinə (TİEM) təhvil verilməsini təklif edib. Bu təşəbbüs korporativ sosial məsuliyyətini (KSM) dərindən dərk edən SOCAR-da müsbət qarşılanıb və beləliklə, işlənmiş elektrik batareyası tullantılarının toplanması üçün nəzərdə tutulan xüsusi qutular ali və orta təhsil müəssisələrinə yerləşdirmiş və onların toplanmasına başlanılmışdı.
İDEA İctimai Birliyi toplanmış tullantıların utilizasiya edilməsi məqsədilə TİEM-ə təhvil verilməsi üçün 2018-ci ildə Ekologiya İdarəsi ilə əməkdaşlıq haqqında memorandum da imzalayıb. Memorandumun məqsədi tullantıların azaldılması məsələlərinin təbliğatı, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinin təşkil edilməsidir.
Aprelin 9-da SOCAR-ın Bakı Ali Neft Məktəbində Ekologiya İdarəsi və İDEA İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq bu təhsil olacağından toplanan istifadə edilmiş, təxminən, 20 kiloqram elektrik batareyası TİEM-ə utilizasiya üçün göndərilib. Bu batareyalar BANM-da kompyuter "maus”larında, divar saatlarında, mikrofonlarda, stasionar telefonlarda, foto-video aparatlarında və s. avadanlıqlarda istifadə olunub. Bundan başqa, könüllü olaraq ayrı-ayrı vətəndaşlar tərəfindən də məişətdə istifadə olunan batareyalar BANM-a təhvil verilib. Bu addım ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir.
SOCAR KSM layihələrinin ən önəmli istiqamətlərindən biri olan ətraf mühitin qorunması istiqamətində bundan sonra da mühüm addımlar atmaqda davam edəcək.
Oxu.az