ABŞ Ukraynanı Rusiya qarşısında tək qoymayacağını bəyan etdi: “Yanındayıq...”

11:13 / 02.04.2021
712
"Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə
Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir”.
Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi,
politoloq Şahin Cəfərli deyib. O bildirib ki, 26 martda Donetsk ətrafında atəşkəs
pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım
istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra bu addımlar
atılıb:
"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri
Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə
xarici işlər naziri Kuleba ilə əlaqə saxladı, ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar
Komitəsinin sədri Rusiya və Ukrayna ordularının Baş Qərargah rəisləri ilə
telefon söhbəti apardı, ABŞ-ın Avropa komandanlığı döyüş hazırlığının səviyyəsini
yüksəltdi, ABŞ, Britaniya və Kanadanın Kiyevdəki hərbi attaşeləri Ukrayna
müdafiə naziri və Ukrayna ordusunun ölkənin şərqindəki birləşmiş qüvvələrinin
komandanı ilə görüş keçirdi. Həmçinin NATO qərargahında üzv dövlətlərin səfirlərinin
toplantısı çağırıldı, ABŞ və Ukrayna müdafiə nazirləri Ostin və Taran arasında
bir qədər əvvəl telefon söhbəti oldu.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə,
general Ostin bildirib ki, Rusiya təcavüzü baş verərsə, ABŞ Ukraynanı tək
qoymayacaq və Moskvanın aqressiv cəhdlərinin həyata keçməsinə yol verməyəcək. 2014-cü
ildə Krımın ilhaqı zamanı və Donetsk-Luqansk vilayətlərində aqressiv separatizm
baş qaldırarkən ABŞ bu cür diplomatik aktivlik göstərməmiş və Rusiyanı çəkindirəcək
hər hansı addım atmamışdı. Bayden dövründə fərqli situasiya müşahidə edirik”.
Politoloqun sözlərinə görə, bunun iki əsas səbəbi
var: "Birincisi, Bayden və komandası hələ seçki
kampaniyasından bəri sürəkli təkrarlayırlar ki, ABŞ beynəlxalq siyasətə
qayıdır, yəni ölkənin Tramp dövründə qlobal çapda zəifləmiş mövqelərini bərpa
edəcəklər. İndi Rusiyanın növbəti aqressiv cəhdlərinin qarşısını ala bilməsələr,
onda bu sözlərin inandırıcılığı qalmayacaq və həyata keçirəcəkləri strategiya
ilk başdan zərbə alacaq. İkincisi, Çin əjdahası ilə qlobal rəqabətə girişmiş
ABŞ rus ayısı ilə bacarmayacaqsa və onun Avropanın şərq periferiyasında
destruktiv fəalliyətini tormozlaya bilməyəcəksə, onda Çinə qarşı nə edə bilər?
Rusiya qarşısında geri çəkilmək çox ciddi prestij itkisi olar və dünyada ABŞ-ın
tənəzzül mərhələsinə daxil olmuş güc, Çinin isə yüksələn güc olduğu alqılarını
gücləndirər”.
Ş.Cəfərli həmçinin Ukrayna məsələsi ətrafındakı
hazırkı gərginliyin iki əsas səbəbinin olduğunu qeyd edib: "Birinci səbəb Ukrayna daxilində Putinin çox yaxın
adamı Viktor Medvedçukun şəbəkəsini sıradan çıxarmaq, 5-ci kolonu əzmək istiqamətində
başlanan əməliyyat-istintaq tədbirləridir. Dünənki aktyor Zelenskinin bu siyasəti
Putinin xarizmasını zədələyir, "postsovet məkanının ağası” təbii ki, bundan
xoşlana bilməz. Putin hazırda Vaşinqtondakı ab-havanı qoxlamağa, qoca Baydeni
"dişinə vurub”, onun qərarlılığını, sərt addımlara hazır olub-olmadığını
aydınlaşdırmağa çalışır və istisna deyil ki, bu məqsədlə Donbasda kiçik
miqyaslı provokasiyalar törətsin. 26 martda bu provokasiya törədildi, indi
reaksiyaları izləyirik. İkinci səbəb Ukrayna hökumətinin Normandiya formatı çərçivəsində
Putinin təmsilçisi Kozak tərəfindən irəli sürülmüş təklifləri rədd etməsidir.
Günay