Bura uşaq xəstəxanasıdı... - - FOTOLAR

Bura uşaq xəstəxanasıdı... -  - FOTOLAR

“Övladım xəstələnəndə təcili yardımla 6 saylı Uşaq Kliniki Xəstəxanasına apardıq. Oradakı vəziyyəti görəndən sonra uşağın bir az da xəstəlik tapmaması üçün tez onu başqa klinikaya köçürdük”.

Bu sözləri Sərraf Orucov “Qafqazinfo”ya müraciəti zamanı deyib. Şikayətçi bildirib ki, sözügedən xəstəxanada vəziyyət çox pisdir. 4 nəfər üçün nəzərdə tutulmuş palatalarda 8 xəstə yatır. Özü də ayrı-ayrı diaqnozlarla: 
“Şəkər, vərəm, astma, kəskin nəfəs çatışmazlığı və bronxit xəstələri bir otaqda yerləşdirilir. Palatalardakı çarpayılar sınıq, köhnə vəziyyətdədir. Xəstəxananın ayaq yolusundan isə adam heç danışmaq istəmir. Orada müalicə alan xəstələr sağalmaq əvəzinə, yeni xəstəliklər tapar. Respublika əhəmiyyətli Uşaq Kiliniki Xəstəxanasında xəstələrin əsas istifadə etdiyi 60-70 manat dəyərində olan (inqalyasiya) aparatı belə yoxdur”.

S. Orucovun sözlərinə görə, 6 saylı Uşaq Kliniki Xəstəxanasında, demək olar ki, bütün xidmətlər pulludur:

“İynə-dərmanı xəsdə uşaqların valideyinlərinə aldırmaq bir yana, tibb bacısı iynəni də pulla vurur. Kimin dərman almağa imkanı yoxdursa, həmin xəstə uşaqlar və onların valideynləri əzab çəkirlər. Xəstəxananın baş həkimi Rumiyə Sultanova rəhbər kimi bu acınacaqlı vəziyyətə 10 ildən artıqdır ki, göz yumur. Pulsuz tibbi xidmətə keçdikdən sonra xəstəxanada bəzi şöbələrə müayinə üçün tibbi avadanlıqlar və reaktivlər verilmir. Xəstələr müayinə üçün digər dövlət və özəl tibbi klinikalara göndərilir. Aidiyyatı qurumlardan məsələni tez bir zamanda həll etməyi xahiş edirəm. Valideyn kimi mən uşağımın vəziyyətindən narahat olub başqa xəstəxanaya apardım, amma buna imkanı olmayanlar var. Göz görə-görə uşaqlarımızı belə natəmiz və şəraitsiz yerdə ölümə atmayaq”.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, 6 saylı Uşaq Kliniki xəstəxanası 1969-cu ildən bu günə kimi, Respublikada yeganə allerqoloji və endokrinoloji mərkəz kimi fəaliyyət göstərir:

“Klinikaya il ərzində orta hesabla 5 – 6 min nəfər xəstə qəbul olunur. Qəbul olunan xəstələr tək Bakı şəhəri deyil, respublikanın bütün regionlarını, rayon və kəndlərini əhatə edir.

Xəstəxana Səhiyyə Nazirliyinin 130 saylı əmrinə əsasən müvafiq olaraq bütün dərmanlarla təchiz olunur. İstisna hal olaraq “Bronxial astma” diaqnozu ilə müalicə alan xəstələrə resept şəklində inhalyasion preparatlar yazılır. Lakin bu il Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş dərmanlar siyahısını inhalyasion preparatların da daxil edilməsi planlaşdırılır. Xəstəxanada laboratoriyanın fəaliyyət göstərməsi, burada immunoloji, bakterioloji, biokimyəvi, seroloji müayinələrin aparılmasına şərait yaradır. Laboratoriya lazımi reaktivlərlə təchiz olunur. Stasionar müalicə alan hər bir xəstə bütün bu müayinələrlə yanaşı rentgen müayinəsi, USM, EKQ müayinələrindən də keçir. Xəstəxanada yatan heç bir xəstə özəl klinikaya müayinəyə göndərilmir.

Xəstəxanada qəbul şöbəsi və digər şöbələr inhalyasion aparatlarla təmin olunub. Səhərlər xəstələr xüsusi otaqda inhalyasiya qəbul edirlər. Axşamlar isə bu prosedurlar palatalarda tibb bacıları tərəfindən aparılır.

Xəstələr şöbələrdə profil üzrə yerləşdirilirlər. “Şəkərli diabet” diaqnozu ilə stasionar müalicə alan xəstələr endokrinoloji şöbədə müalicə alır. Xəstələr şöbələrdə profil və yaş qrupları üzrə yerləşdirilirlər. Klinikaya “Ağ ciyər vərəmi” diaqnozu ilə müraciət edən xəstələr profil üzrə ET Ağciyər Xəstəlikləri İnstitutuna göndərilirlər.

Xəstəxananın əsaslı təmir layihəsi artıq təsdiq olunub və “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində icra olunması nəzərdə tutulub. Hazırda burada cari təmir işləri aparılır”.

Bura
Bura
Bura
Bura
Bura
Bura
Bura
Bura


OXŞAR XƏBƏRLƏR