“Çoxluğu qızışdırmağa nə var ki?” – Deputatdan sosial şəbəkələrdəki təhlükəylə bağlı SOS SİQNALI

16:26 / 03.03.2021
857
"Dövlət əleyhinə
təbliğatda, kütlənin qızışdırılmasında ən çox canfəşanlıq edənlər dövlətdən
gizli şəkildə faydalanan bloggerlər, siyasi subyektlər və qaranlıq keçmişə
sahib məmurların himayəsində olan araqarışdıranlardır. Onların çoxu
hüquq-mühafizə orqanlarının qorxusundan dövlətin ən ali mərtəbəsində oturan şəxslərə
çamur atmağa risk etmirlər, ancaq dövlətin xaosa sürüklənməsinin qarşısını
almaq istəyən digər bütün qüvvələri sıradan çıxarmaq üçün səfərbər olunurlar”.
Sfera.az
xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. O bildirib ki, burada
hakimiyyətin edəcəyi tək iş informasiya məkanında debatların, müzakirələrin
önünü açmaq, keyfiyyətli və doğru informasiyanı almaq üçün əlində olan leqal
resursları doğru çalışdırmaqdır:
"O halda
qaraqışırıqçı, gopçu, dil pəhləvanı obrazlarının siluetləri qısa müddətdə
xalqın yaddaşından yoxa çıxacaq və daha realist və ərdəmli yola dəvət edənlərin
təsir imkanları artacaq. Parlamentdə aparılan müzakirələr efir vasitəsilə geniş
auditoriyaya ötürülmürsə, xalqın problemlərinin əsas müzakirə yeri parlament
olmursa, mütləq bu boşluğu xarici xüsusi xidmət orqanlarının yönəltdiyi, tezislərlə
qidalandırdığı, insanları neqativ yükləmə fürsətinin tapıldığı sosial şəbəkələr
olacaq. Mətn oxuya bilməyən çoxluğu qızışdırmaq üçün mövzuya nə var ki? Sabah məcburi
köçkünün köçürülməsi də, bir şəhid uşağının burnunun qanaması da, bir qazinin
özünü pis hiss etməsi də ölkədə durumun gərginləşdirilməsi üçün münbit mövzu deyilmi?”.
Deputat
vurğulayıb ki, özünə ləyaqətli deyən bir azərbaycanlının Şuşanı, Kəlbəcəri,
Ağdamı almış bir hakimiyyətin qarşısında ən azı qınayıcı sözü ola bilməz: "Biriləri
deyəndə ki, "Rusiya sülhməramlıları dərhal çıxmalıdır”, yaxud "Niyə Xankəndində,
Xocalıda bayrağımız dalğalanmır”, insan həyasızlığının son həddini görürəm,
sanki. Əlbəttə, rus sülhməramlısı vaxtı gələndə çıxarılmalıdır və çıxarılacaq
da! Əlbəttə, Xankəndində, Xocalıda bayrağımız dalğalanmalıdır, dalğalanacaq da!
Ancaq bunu sən etməyəcəksən ki? Yenə də bunu Şuşanı, Kəlbəcəri, Ağdamı hərbi və
ya diplomatik yolla almış bu hakimiyyət edəcək! Sağlam mühakiməsi olan azərbaycanlının
bu gün "bu hakimiyyətə Qarabağı bütövlükdə suverenliyimzi altına qaytarmaq üçün
nə kömək edə bilərəm” deməkdən başqa düşüncəsi olmamalıdır”.
F.Mustafanın
sözlərinə görə, qələbədən 4 ay keçməsinə baxmayaraq bu qədər səbrsizlik,
inancsızlıq ortadadırsa, dörd il sonra bu xarakterin bizi hara götürəcəyini
rahat söyləmək mümkündür: "Səsi duymayan toplumlar mütləq küyə gedəcəklər!
Qarabağda səsizmizi duyurmaq istərkən onu küyə qurban verəcəyik. Azərbaycanın böyük dostu Ərdoğan hakimiyyətə
gələndə belə bir ifadə işlətmişdi: "Biz elə edəcəyik ki, Türkiyənin gündəmini kənardakılar
deyil, millətimiz özü formalaşdırsın”. Bizdə isə nə yazıq ki, bir küçə uşağı,
bir xarici şəbəkə ələmanı sosial şəbəkə resurslarından yararlanaraq cahil
çoxluğunu referans alaraq cəmiyyətimiz üçün istədiyi gündəmi yarada bilir.
Günay
Sfera.az