Şamaxıda kənd boşalır

Şamaxıda kənd boşalır

Şamaxıdan 41 kilometr uzaqlıqda yerləşən, vaxtilə səsli-küylü, qonaq-qaralı, füsunkar təbiətə malik, elə adı kimi özü də səfalı olan Şamaxının Səfalı kəndi sakitliyə qərq olub.

Sfera.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, əsası 17-ci əsrdə qoyulmuş, keçən yüz illiyin ortalarında Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddə yaşayış yox olmaq üzrədir.

Qəm pəncərəsi, Qanlı zəmi, Qəzəlxan, Ovsunçu, Pirverdinin xoruzu, Dədə Qorqudun bəzi fraqmentlərinin və bu yaxınlarda Buta filminin çəkildiyi kənddə indi yalnız yaşlı nəslin nümayəndələri yaşayırlar.

Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşır və kənd Səfalı adlandırılır. Hazırda 22 yaşayış evi, 120 sakinin qaldığı kənddə əhali sayı artmaq əvəzinə azalmağa doğru gedir. 

Kəndin ucqar ərazidə yerləşməsi, xüsusilə də yeni ailə quran gənclərin şəhərlərdə məskunlaşması və digər səbəblər kəndin boşalması ilə nəticələnib. Sakinlərin öz ata-babalarından qalan evlərini boş, kimsəsiz qoyaraq başqa ərazilərə üz tutması yaşlı nəslin nümayəndələrini narahat edir. Baxımsız qalan evlərsə yararsız hala düşüb. Lakin bununla belə, kənd camaatı ümidini itirmir. Ümid edirlər ki, problem tezliklə aradan qalxar və öz kəndlərini filmlərdən xatırlamaq məcburiyyətində qalmazlar...


OXŞAR XƏBƏRLƏR